Küveyt və Azərbaycan iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkil olunması təklif olunur.
“Report” xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev ilə Küveyt Dövlətinin Azərbaycanakı səfiri Abdullah Mohamed Abdullah Almaudi arasında keçirilən görüşdə bildirilib.
Y. Abdullayev ölkəmizdə tətbiq olunan biznes və investisiyaların təşviqi mexanizmləri, bu sahədə Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib.
Abdullah Mohamed Abdullah Almaudi qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün potensialı qeyd edib, iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı informasiya mübadiləsinə dair razılıq əldə olunub.
Qeyd edək ki, ötən il Azərbaycanın Küveytlə ticarət dövriyyəsi, o cümlədən Azərbaycanın Küveytə ixracı 2 dəfə artıb. İxracın dinamikası hesabına ticarət dövriyyəsinin müsbət saldosunda da 2 dəfəyədək artım qeydə alınıb.