Azərbaycanın şirkətlər konsorsiumu Avropada müəssisə almağa iddialıdır
- 13 yanvar, 2025
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
"Baku Steel Company" QSC və "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC-dən ibarət şirkətlər konsorsiumu İtaliyanın “Acciaierie d’Italia SpA” polad istehsalçısını almağa iddialıdır.
“Report”un “Acciaierie d'Italia” şirkətinə istinadən verdiyi məlumata görə, 2025-ci il yanvarın 10-da başa çatan son müddətə qədər qrupun aktivlərinin alınması ilə bağlı ümumilikdə 10 təklif təqdim edilib. Yalnız “Baku Steel Company” və AİŞ konsorsiumu, “Bedrock Industries Management Co Inc” (ABŞ) və “Jindal Steel International”dan (Hindistan) daxil olan 3 təklif şirkətin bütün biznes komplekslərinin alınmasına aiddir.
Ayrı-ayrı aktivlərlə bağlı 7 təklif daxil olub. İddiaçılar arasında “CAR Segnaletica Stradale Srl”, “Monge & C. SpA”, “Trans Isole Srl” şirkətlər konsorsiumu; “Eusider SpA” şirkəti; “Eusider SpA”, “Marcegaglia Steel SpA” və “Profilmec SpA” konsorsiumu; “I.M.C SpA” şirkəti; “Marcegaglia Steel SpA” şirkəti; “Marcegaglia Steel SpA” və “Sideralba SpA” konsorsiumu; həmçinin “Vitali SpA” şirkəti yer alır.
Şirkət qeyd edir ki, daxil olan bütün təkliflər diqqətlə öyrəniləcək. Bu halda məşğulluq, dekarbonizasiya və zavodların davamlı inkişafını təmin etmək və işçilərin maksimum müdafiəsi üçün investisiyaların həcmi kimi aspektlərə xüsusi diqqət yetiriləcək.
"Sonradan daxil ola biləcək hər hansı yeni təkliflər yalnız tender predmeti üçün daha əlverişli şərtləri əhatə etdiyi təqdirdə qiymətləndiriləcək", - məlumatda bildirilir.
Baş qərargahı İtaliyanın Taranto şəhərində yerləşən “Acciaierie d'Italia SpA” (əvvəllər “Ilva S.p.A.”) şirkəti İtaliya və Avropanın ən böyük polad istehsalçılarından biridir. “Acciaierie d'Italia”, “AdI Energia”, “AdI Servizi Marittimi”, “AdI Tubiforma” və “AdI Socova” onun törəmə müəssisələridir.