Azərbaycan Rusiyanın avtomobil zavodu üçün ikinci xarici bazara çevrilib
- 13 iyun, 2024
- 06:34
Bu ilin yanvar-aprel aylarında Rusiyanın “AvtoVAZ” şirkətinin Azərbaycana hazır avtomobil ixracı 110 ədəd təşkil edib.
“Report” bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
“Bu ilin ilk 4 ayının nəticələrinə əsasən, Azərbaycana tədarük edilən hazır avtomobil sayına görə birinci yeri 40 %-ə yaxın payla “LADA Niva Legend” tutur. Növbəti sıralarında “LADA Niva Travel” və “Granta” gəlir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bu ilin yanvar-aprel aylarında “AvtoVAZ”dan Azərbaycana tədarüklərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur: “Azərbaycan hazırda zavodun ikinci ən böyük xarici bazarıdır”.
Xatırladaq ki, “AvtoVAZ” 2024-cü il martın 29-da Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə ölkədə 1,5 min avtomobilin yığılmasını planlaşdırır.