Azərbaycan daha bir ölkəyə sement satmağa başlayıb
- 06 sentyabr, 2022
- 08:09
2022-ci ilin I yarısında Azərbaycan 13,347 milyon ABŞ dolları dəyərində 308 min 432 ton sement ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52,1 %, kəmiyyət olaraq – 22,7 % çoxdur.
Gürcüstana 13,346 milyon ABŞ dolları dəyəridə (bir il əvvəlki göstərici ilə müqayisədə 52,1 % artıb) 308 min 431 ton (+22,7 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,16 min ABŞ dolları dəyərində 1,5 ton, Almaniyaya 0,09 min ABŞ dolları dəyərində 0,15 ton və Türkiyəyə 0,02 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Altı il 2 aylıq aradan sonra Almaniyaya tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 2,811 milyon ABŞ dolları dəyərində 14 min 804 ton sement idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 61,2 % və 52 % çoxdur.
Rusiyadan 1,996 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 79,3 % artıb) 9 min 292 ton (+77,8 %), İrandan 463,78 min ABŞ dolları dəyərində (+20,6 %) 3 min 825 ton (+19,5 %), Türkiyədən 343,46 min ABŞ dolları dəyərində (+41,7 %) 1 min 684 ton (+30,3 %), Amerika Birləşmiş Ştatlarından 5,23 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,38 ton (+38 dəfə), Fransadan 0,67 min ABŞ dolları dəyərində 0,04 ton (tədarük olmayıb) məhsul alınıb.