"Azəraqrartikinti" ASC 2019-cu ili 1,358 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 30,6% azdır.
Ötən il "Azəraqrartikinti"nin əsas əməliyyat gəlirləri 131,507 milyon manat (əvvəlki ilə nisbətən 24,3% çox), satışının maya dəyəri 129,157 milyon manat (26,5% çox), inzibati xərcləri 652 min manat (49% az), mənfəət vergisi ödəmələri isə 339 min manat (30,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 29,403 milyon manat olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1% azalaraq 17,23 milyon manata düşüb, balans kapitalı isə 12,6% artaraq 12,172 milyon manata çatıb.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub.