Bakı. 8 iyun. REPORT.AZ/ Sərbəst güləş üzrə Olimpiya çempionu Hacımurad Qatsalov Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində Rusiya komandasının bayraqdarı olacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (ROK) mətbuat xidmətindən məlumat verilib.
Qərar ROK, İdman Nazirliyi və Bakda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək nümayəndə heyəti rəhbərlərinin birgə toplantısında qəbul edilib.
Qatsalov - əməkdar idman ustasıdır, 96 kq. çəki dərəcəsində 2004-cü ildə Olimpiya çempionu olub, beşqat dünya çempionudur, üç dəfə Avropa birincisi, üç dəfə Dünya Kubokunun sahibi olub, səkkiz dəfə Rusiya çempionu titulunu qazanıb.
Xatırladaq ki, oyunlar iyun ayının 12-dən 28-dək Bakıda keçiriləcək. Oyunlarda 20 idman növü üzrə 253 komplekt medal uğrunda mübarizə aparılacaq.