Bakı. 2 İyul. REPORT.AZ/ "Rusiya və Ukraynanı Bakıda keçirilən I Avropa Oyunlarında təmsil edən idmançılar Olimpiya kəndində dinc və mehriban yaşayırdılar. Bəzi KİV-lərin yazdığı kimi heç bir münaqişə olmayıb".
"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri mətbuat konfransında Oyunlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov bildirib.
12-28 iyun tarixlərində Bakıda keçirilən yarışlar zamanı bəzi mətbuat orqanlarında Rusiya və Ukrayna idmançıları arasında münaqişənin yaranması ilə bağlı xəbərlər yayılıb.
"Ukrayna və Rusiya idmançıları Olimpiya kəndində öz aralarında dostluq edirdilər, dinc və mehriban münasibət saxlayırdılar, bir-birlərini təbrik edirdilər. Bu Oyunlar idmançıları bir-birinə yaxınlaşdırdı və heç bir münaqişə də olmadı", - deyə Kazikov bildirib.
Onun sözlərinə görə, Bakıda yerli azarkeşlər rusiyalı idmançılara böyük dəstək göstəriblər.