Bakı. 23 dekabr. REPORT.AZ/ Ermənistan Milli Olimpiya Komitəsi (MOK) 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarında iştirakdan imtina etmək üçün bir səbəb görmür. "Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan MOK-un baş katibi Qraçya Rostomyan bildirib.
"Bakıdakı oyunlara gəldikdə, hazırda Ermənistan MOK iştirak etməmək üçün bir səbəb görmür. Həm peşəkar, həm də təhlükəsizlik məsələləri ilə bağlı bütün problemlər bu mərhələdə həll olunub", - Q.Rostomyan qeyd edib.
Onun fikrincə, Ermənistan yığmasının oyunlarda iştirakı haqqında qəti qərar 2015-ci ilin fevral ayında açıqlanacaq.
"Birinci Yay Avropa Olimpiya Oyunları Bakıya məxsus deyil, oyunlar yalnız orada keçirilir, bütün nəzarəti isə Avropa Olimpiya Komitəsi ilə birgə Beynəlxalq Olimpiya Komitəsi edir. Şübhə etmirəm ki, Birinci Avropa Oyunlarında təhlükəsizlik yüksək səviyyədə olacaq", - Q.Rostomyan vurğulayıb.
Gələcəkdə dörd ildən bir keçiriləcək Birinci Avropa Olimpiya Oyunları gələn il iyunun 12-dən 28-dək olacaq. Yarışlarda Avropanın bütün ölkələrindən 6 mindən artıq idmançının iştirakı gözlənilir.