Bakı. 17 İyun. REPORT.AZ/ "Finala çıxmağa ümidim vardı. Azərbaycanda çempion olmaq istəyirdim. Bu dəfə alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avropa Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində sərbəst güləş yarışlarında bürünc medal qazanan təmsilçimiz Cəbrayıl Həsənov deyib.
Avropa Oyunlarının üçüncüsü qeyd edib ki, bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacaq: "Dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanıb Olimpiya Oyunlarında çıxış etmək istəyirəm".
O, yarımfinalda Türkiyə təmsilçisinə məğlub olmasının səbəbini də açıqlayıb: "Türk idmançısını bundan əvvəl üç dəfə görüşüb udmuşdum. Amma bu dəfə kiçik bir səhv uğursuzluğa gətirib çıxardı. Çalışacağam, belə səhvlərə yol verməyim".