Bakı. 27 iyun. REPORT.AZ/ İyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının bağlanış mərasimində Olimpiya Oyunları ilə müqayisədə yenilik tətbiq olunacaq. Bu barədə "Report"a Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib.
Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi, bağlanışda da hər bir ölkə yığmasının öz bayraqdarları ilə birgə tamaşaçılar önündən keçidi olacaq. K.Nurullayeva tədbirədək heç bir ölkə nümayəndəsinin Bakını tərk etməyəcəyini bildirib.
Lakin o, Azərbaycan komandasının bayraqdarı məsələsinə hələ aydınlıq gəlmədiyini söyləyib: "Bu məsələ sabah həllini tapacaq".
K.Nurullayeva bağlanış mərasimindən sonra - iyunun 30-da Atletlər Kəndinin açarının kəndin merinə təhvil veriləcəyini də əlavə edib.