Azərbaycanın aparıcı velosipedçisi zədə üzündən "Bakı 2015"ə qatılmayıb
- 21 iyun, 2015
- 05:39
Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan velosipedçisi Maksim Averin "Bakı 2015" I Avropa Oyunlarında şose növü üzrə kişilərin mübarizəsinə qatılmayıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna 30 yaşlı idmançının zədəsi səbəb olub.
"Mayda keçirilmiş "Tour d Azerbaidjan" yürüşündən sonra ayağında ağrılar hiss etməyə başlayan M.Averinin "Bakı 2015"də çıxış etməsi üçün xeyli səy göstərilib. Amma cəhdlər heç bir nəticə verməyib. Bu səbəbdən, Averinin yarışa buraxılmaması qərara alınıb" deyə qurumdan bildirilib.
Aparıcı velosipedçinin yoxluğunda bütün ümidlər Elçin Əsədovla Samir Cəbrayılova yönəlib. Amma onların mükafatçılar sırasına düşmə şansları xeyli aşağı qiymətləndirilir.
Qeyd edək ki, kişi velosipedçilər arasında şose yürüşünün startı saat 10:00-da Hökumət Evinin qarşısından verilib.