Bakı. 16 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası İtaliyaya təlim-məşq toplanışına yollanıb. "Report"un məlumatına görə, yığma üzvləri İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.
Millinin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçular yer alıb. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.
Millinin 8 gün davam edəcək toplanış üçün heyəti:
49 kq: Salman Əlizadə
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə
56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor
69 kq: Tamerlan Abdullayev
75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı
81 kq: Rauf Rəhimov
+91 kq: Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, Azərbaycan yığması bunadək Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə milli Avropa Oyunlarına test xarakteri daşıyan “Ipək Yolu” turnirində mübarizə aparacaq.