Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 19-da Çexiyanın paytaxtı Praqada işə başlayacaq Avropa Olimpiya Komitələrinin (EOC) 44- cü Baş Assambleyasına gənclər və idman naziri Azad Rəhimov da qatılacaq. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə "Bakı 2015" I Avropa Oyunlarının yekunları ilə bağlı hesabat veriləcək.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, EOC prezidenti Patrik Hikki, Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabahın da iştirak edəcəkləri Baş Assambleyada A.Rəhimovun çıxışı nəzərdə tutulub. O, çıxışında ölkənin birinci xanımı, "Bakı 2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında Oyunların yüksək səviyyədə keçirilməsindən danışacaq. Eyni zamanda nazir 150 mindən artıq gənc arasında Oyunların ölkəyə nə verəcəyi mövzusunda sorğu keçirildiyini və nəticədə respondentlərin 80%-nin "Bakı 2015"in Azərbaycanın tanıtımında müsbət rol oynaması ilə bağlı fikirlərini bölüşəcək, Əməliyyat Komitəsində 2500-dən artıq insanın, 12 mindən artıq könüllünün çalışmasından, 1200-dən artıq media nümayəndəsinin Oyunları işıqlandırmasından və "Bakı 2015"lə bağlı digər mühüm əhəmiyyət kəsb edən mövzulardan söz açacaq.
Assambleyanın iclasları zamanı 2016-cı il Rio de Janeiro, 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq. II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müzakirələr, yeniyetmələr arasında 2018-ci il Buenos-Ayres Yay və 2016-cı il Lillehammer Qış Olimpiya Oyunlarına hazırlıq işləri ilə bağlı geniş təqdimatlar gündəlikdə duran məsələlər sırasındadır.
Tədbir zamanı "Rio 2016" Təşkilat Komitəsinin nümayəndələri ilə Azərbaycan nümayəndə heyətinin Oyunlarda iştirakına dair məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Praqaya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva da yollanıb.