Bakı. 3 iyul. REPORT.AZ/ "Mən Azərbaycanı təmsil etdiyimə görə peşman deyiləm. Azərbaycanda mən yaxşı nəticələr əldə etmişəm, Ukraynada hər şeyin necə olacağı hələ məlum deyildi. Çox güman ki, Mariya Stadnik kimi idmançı olmazdı". "Report" xəbər verir ki, bu barədə "Lvovskaya qəzeta"ya verdiyi müsahibəsində sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində I Avropa Oyunlarının çempionu Mariya Stadnik bildirib.
2007-ci ildən Azərbaycanı təmsil edən idmançı Oyunların təşkilini çox yüksək qiymətləndirib: "Yarışlarda inanılmaz bir atmosfer var idi. Ümumiyyətlə, hər şey Olimpiya Oyunlarındakı kimi idi, yalnız buradakı iştirakçıların sayı bir qədər az idi. İdmançılar və onların məşqçiləri üçün hətta Olimpiya kəndi də inşa edilmişdi. Güləş yarışları keçirilən arena isə Olimpiya oyunlarında olduğundan daha yaxşı idi. Yerli tamaşaçılar öz idmançılarını çox yaxşı dəstəkləyirdilər, ona görə də Oyunlardakı atmosfer çox xoşuma gəldi".
Mariya Stadnik təlim-məşq toplanışlarının harada keçirdiyi haqqında da danışıb: "Məşqlərimi Azərbaycanda keçirirəm. Tez-tez Azərbaycan milli komandasının düşərgəsinə oluram. Bizim təlim-məşq toplanışlarımız müxtəlif ölkələrdə də keçirilir, Bolqarıstan, Belarus, Ukraynada oluruq. Tez-tez müxtəlif ölkələrə getməyimə baxmayaraq Ukraynada, uşaqlarımın yanında daha çox vaxt keçirməyə çalışıram. Mənim iki övladım var və buna görə də məşqçilərim mənə güzəşt edir, evdə daha çox vaxt keçirməyimə imkan yaradırlar".
Onun rəqibi Ukrayna idmançısı olduğu zaman onun nə kimi hisslərin keçirdiyi sualına cavab verən idmançı bildirib ki, bir o qədər də güclü emosional hisslər keçirmir. M.Stadnik, həmçinin qeyd edib ki, o tez-tez İngiltərə yığmasında çıxış edən həyat yoldaşının bacısı ilə də yarışlarda qarşılaşmalı olur: "Döşək üzərinə çıxanda rəqib haqqında deyil, yalnız qələbə haqqında düşünürsən".