Bakı. 13 fevral. REPORT.AZ/ Almaniyanın kayak və kanoe üzrə milli komandası "Bakı-2015" I Avropa Oyunlarında titullu idmançılarla təmsil olunacaq.
"Report"un məlumatına görə, 6 olimpiya və dünya çempionu bu il keçiriləcək mötəbər yarışlara hazırlıq məqsədilə ABŞ-ın Florida ştatındakı Melburn şəhərinə yollanıb.
3 həftəlik təlim-məşq toplanışına kayak üzrə olimpiya və 13 qat dünya çempionu Ronald Raue, olimpiya və 7 qat dünya çempionu Konni Vassmut, olimpiya və 3 qat dünya çempionu Frantsiska Veber, eləcə də kanoe üzrə olimpiya və 3 qat dünya çempionu Sebastian Brendel, olimpiya çempionu Kurt Kuşela, dünya çempionu Ronald Verx cəlb olunub. Onlardan bəziləri Avropa oyunlarına qatılacaqlar.
Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində təşkil olunacaq. Avarçəkənlər 14-16 iyunda 15 dəst medal uğrunda mübarizə aparacaqlar.