Yanvarda “Azərpambığ”ın ixrac gəlirləri 37 %-dən çox azalıb

ASK
  • 28 fevral, 2023
  • 09:57
Yanvarda “Azərpambığ”ın ixrac gəlirləri 37 %-dən çox azalıb

Bu ilin yanvar ayı ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 37,1 % azdır.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti