Rusiya hökuməti bərk buğda məhsullarının qiymətlərini sabitləşdirmək üçün 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək bərk buğdanın ixracına qadağa qoyub.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərarı qonşu ölkənin Gömrük, tarif və qeyri-tarif tənzimlənməsi üzrə alt komitəsi qəbul edib.
Bildirilib ki, Rusiyadan 24 milyon ton taxıl ixracı üçün kvota müəyyən edilib.
Rusiyadan bərk buğdanın ixracına 6 ay müddətinə müvəqqəti qadağa qoyulmasını bu ölkənin Kənd Təsərrüfatı Nazirliyi təklif edib. Bundan başqa, Rusiyanın İqtisadiyyat Nazirliyi ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi Avrasiya İqtisadi İttifaqına üzv olmayan ölkələrə buğda, arpa, qarğıdalı və çovdarın ixracı üçün kvotaların tətbiqi təşəbbüsü ilə çıxış edib. Bu tədbirlər 2024-cü il fevralın 15-dən iyunun 30-na qədər qüvvədə olacaq.
Qeyd edilib ki, alt komitə yerli toyuq ətinin bəzi növləri üçün tarif güzəştlərini təsdiqləyib. 2024-cü ildə 160 min tona qədər ət tədarükü idxal gömrük rüsumlarından azad ediləcək.