Azərbaycanda fermerlərə göstərilən xidmətlərin modernləşdirilməsinə və dövlətin dəstəklədiyi qabaqcıl mexanizmlərin tətbiqinə xüsusi diqqət yetirilir.
"Report" xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universitetlərinin təşkil etdiyi “Davamlı Bağçılıq Sistemləri” sertifikat proqramının Bakı modulunun başa çatmasına həsr olunmuş tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli bildirib.
O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığın təşviqi, fermerlərin qərarların qəbulunda iştirakı və digər innovativ səylər dövlətin dinamik öhdəliyini əks etdirir.
"Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çoxsaylı işlər həyata keçirilir və bu, müxtəlif bölgələrdə məşğulluğun artmasına əhəmiyyətli dərəcədə kömək edir. Dövlət dəstəyi çərçivəsində ölkə prezidentinin sərəncamına əsasən əkinçiliyə də subsidiya verilir və bu, sahənin inkişafı stimullaşdırılır", - deyə nazirlik rəsmisi qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda 491,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur. Son1 ildə bitkiçilik məhsullarının dəyəri 0,8 % artaraq 22,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 % artaraq 468,5 milyon manat olub.