Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən şərab və quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Bu barədə "Report" nazirliyə istinadən xəbər verir.
Məlumata görə, İsmayıllı və Göygöl rayonlarında, Şəki və Gəncə şəhərlərində şərab istehsalı müəssisələrinə baş çəkən nazirə istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.
Görüşlərdə şərab ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Ucar rayonundakı quşçuluq müəssisəsinin vəziyyəti ilə tanış olub. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.


















