Azərbaycanda satınalma sahəsində rəqabətli və şəffaf yanaşmaya əsaslanan sistemin qurulması Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üçün prioritetdir.
Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bunu agentliyin sədri Elnur Bağırov Bakıda “Kənd təsərrüfatında dövlət satınalmaları: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, dövlət satınalmaları ictimai dəyər yaradan mühüm vasitədir: “Dövlət satınalmalarının rəqəmsallaşdırılması, “etender.gov.az” portalı üzərindən həyata keçirilməsi bu sahədə əlçatanlığın və iştirakçılığın əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir. Səmərəli və dürüst satınalma prosesi dövlət-özəl sektor münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda dövlətin dayanıqlı inkişafına töhfə verir”.
Nazii Məcnun Məmmədov isə bildirib ki, satınalma təkcə məhsulların və xidmətlərin əldə olunması deyil, eyni zamanda ictimai resursların düzgün idarə olunması, şəffaflıq və ədalətin təmin edilməsi, fermerlərin və sahibkarların dövlətə olan etimadının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Satınalmaların rəqəmsallaşdırılması, ictimai iştirakın genişləndirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi nazirliyə və cəmiyyətə şəffaf, hesabatlı və ədalətli idarəetmə mühitini təmin etməyə imkan verir. Bu, təkcə fermerlərin deyil, bütövlükdə kənd təsərrüfatı sektorunun inam və dayanıqlığını artırır”.
Seminar nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə keçirilib. Seminarın keçirilməsində məqsəd kənd təsərrüfatı sektorunda 2024-cü ildə icra edilmiş satınalmalar, cari ildəki vəziyyət və perspektivlər barədə məlumatları satınalan təşkilatlar və təchizatçılarla bölüşmək, cari ildə keçirilən və qarşıda keçirilməsi nəzərdə tutulan satınalmaların predmentləri, metodları barədə məlumat vermək olub.