Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanın bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirən “Better Cotton Initiative” təşkilatına üzvlüyü ilə bağlı müzakirələr aparılıb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir Məcnun Məmmədov "Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbər şəxsləri ilə görüş keçirib. Nazir bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin artmasına, bölgələrdə məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirir, bu mexanizmlər sayəsində əkininə maraq artıb. Nazirliyin digər sahələrdə olduğu kimi pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.
Assosiasiyanın İdarə Heyətinin sədri isə Fərid Firudinov bildirib ki, rəhbərlik etdiyi ictimai təşkilatın fəaliyyətinin əsas məqsədi müasir elmi-texniki yeniliklərin və innovativ texnologiyaların tətbiqi imkanlarını təbliğ etməklə ölkəmizdə istehsal olunan pambığın məhsuldarlıq və keyfiyyət göstəricilərini artırıb sektor iştirakçılarının rifahını yüksəltməkdir. Ölkədə pambıq tədarükü və emalı ilə məşğul olan ən böyük şirkətləri öz sıralarında birləşdirən Assosiasiya sektorun inkişafına öz töfhəsini verməyə çalışır.
Görüşdə ölkədə pambıqçılığın mövcud durumu, məhsul yığımı ərəfəsində həyata keçirilən son aqrotexniki tədbirlər, zərərvericilərə qarşı mübarizənin təşkili, texnikaların yığım prosesinə hazırlıq səviyyəsi barədə fikir mübadiləsi aparılıb. İştirakçılar həmçinin pambıq tədarükündə keyfiyyət parametrlərinə görə tədarük mexanizminin təşkili, dəyər zəncirini inkişaf etdirmək, fermer təsərrüfatlarında dayanıqlılığı təmin etmək, “Better Cotton Initiative” təşkilatına üzvlük, pambıqçılıqda tətbiq olunan dərmanların keyfiyyəti, ölkədə ilk dəfə istehsal olunan iplik növləri, yerli şəraitə uyğun pambıq sortlarının yaradılması və digər önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq şöbə və struktur bölmələrə tapşırıqlar verilib.