İlk xəbər 15:35-də verilib
Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycandan xaricə xəz-dərini çıxaranlar rüsum ödəyəcəklər.
"Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə təklif göndərib: "Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı xammal yerli bazara verilərdi. Ona görə də bəzi iş adamları rüsum ödəməməklə bunu xarici bazara çıxarmağa çalışır".
O deyib ki, bundan başqa, bəzi kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının ixracı ilə bağlı da xüsusi gömrük tariflərinin tətbiqi gözlənilir: "Kənd təsərrüfatı məhsullarına subsidiya verildiyi üçün onlar çox ucuz başa gəlir. Artıq bu məsələ ilə bağlı 2-3 nazirlik təklif hazırlayıb hökumətə göndərib".
A.Əliyev onu da deyib ki, bu ilin ilk üç ayı ərzində gömrük cinayətləri ilə bağlı dövlət büdcəsinə 1 mln. manat vəsait daxil olub: "Son bir ildə isə 1,1 ton heroin, 20 kq-a qədər digər narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb".