Azərbaycanda quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər

Azərbaycanda quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər Azərbaycanda quraqlıq hadisəsi ilə bağlı sığorta Aqrar Sığorta Fondunun risklər siyahısına daxil edilə bilər.
ASK
2 Oktyabr , 2023 13:01
Azərbaycanda quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər

Azərbaycanda quraqlıq hadisəsi ilə bağlı sığorta Aqrar Sığorta Fondunun risklər siyahısına daxil edilə bilər.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bilidirib ki, quraqlıq sığortası Fondun qarşısındakı ən vacib vəzifələrdəndir:

"Ölkəmiz quraqlığa məruz qalacaq ölkələr siyahısında ilk onluqdadır. Hazırda fermerlərə quraqlıqdan hansı formada təminat verə biləcəyimizi təhlil edirik. Bu il ölkədə 200 min hektara yaxın əkin ərazisi quraqlığa məruz qalıb. Bizim vəzifəmiz növbəti dövrdə bu xidməti fermerlərə təqdim etməkdir. Biz öncədən bilirik ki, bu zərərli bir sığorta təminatıdır. Təkcə Türkiyə təcrübəsini götürsək, hər alınmış 100 manata görə 900 manat ödəniş edilib. Öncədən bəllidir ki, toplanan sığorta haqları həmin ərazilər üzrə edilən ödənişlərdən dəfələrlə az olacaq.

Bu, tariflərin dəyişməsinə səbəb olacaq. Çalışırıq sistemi elə genişləndirək ki, dayanıqlılıq təmin olunsun. Bu gün aqrar sığorta xidməti yeni formalaşır. Biz ilk günlərdən aqrar sığorta xidməti olaraq quraqlıq təminatını verərək fondu müflis etsək, bu sistemin gələcəyini məhv edərik. Odur ki, mərhələli şəkildə inkişaf etməyi planlaşdırmışıq və düşünürük ki, növbəti dövrlərdə hansısa formada gəlir itkisinin olmasa da, ən azı istehsal xərclərinin qarşılanması həcmində bu təminatı fermerlərə verək".

Fuad Sadıqov hesab edir ki, quraqlıq təminatının verilməsi ilə şiddətli quraqlığa davamlı məruz qalan ərazilərdə tariflərin ikiqat artması mümkündür: "Bunun qarşılığında dövlətin bu sahədə dəstəyinin neçə faiz olması da müzakirə mövzusudur. Ola bilər ki, dövlət dəstəyi 50 % deyil, 60-70 % olsun. Bunlar müzakirə edilir və dövlət büdcəsinə yarancaq yük hesablanır. Çünki Fond dövlət təşkilatıdır və təzminatlar və sığorta haqlarının bir hissəsi büdcə vəsaiti hesabına qarşılanır. Bizim əsas məqsədimiz ölkədə bir il quraqlı təminatı verib sonra müflis olmaq deyil, daha davamlı və dayanıqlı sistem yaratmaqdır".

Son xəbərlər

Orphus sistemi