Azərbaycanda bu il fındıqçılıqda gözlənilən istehsal, ixrac potensialı açıqlanıb
- 05 oktyabr, 2021
- 13:43
Qeyri-neft məhsullarının ixracında fındıqçılıq mühüm yer tutur. Hazırda fındıqçılıq mövsümüdür. Ölkədə gözlənilən istehsalla bağlı, həmçinin, ixracla bağlı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov “Report”a açıqlama verib.
Onun sözlərinə görə, bu il keçən illə müqayisədə istehsalda 35-40 % artım gözlənilir: “Məhsul artıq sahələrdən yığılıb və fermerlər tərəfindən satışa çıxarılıb. Ötən il 45 min ton fındıq istehsal olubsa, bu il 65-70 min tona yaxın fındıq istehsalı gözlənilir. Ötən il 17 min tona yaxın fındıq ləpəsi ixrac edilib. Bu il isə 25-27 min tona yaxın fındıq ləpəsinin ixrac potensialı var”.
İ.Orucov deyib ki, Azərbaycanın Avropada əsas rəqibi Türkiyədir: “Türk lirəsinin dollara qarşı kəskin ucuzlaşması, türk ixracatçılarının daha aşağı qiymətə məhsul satışını həyata keçirir və ona görə də bizim satışlar mənfi dinamika ilə gedir, satışlarımız çox passiv həyata keçirilir. Bununla yanaşı, dünyada məşhur şokolad istehsalçısı Azərbaycan fındığına maraq göstərir”.
O əlavə edib ki, Avropa İttifaqı tərəfindən Azərbaycan fındıq məhsulu üçün natural fındığa 3,2 %, qovrulmuş və ya digər fraksiyalara 11,8 % vergi tətbiq olunur (müqayisə üçün Türkiyənin natural fındığına 3 %, qovrulmuş və ya digər fraksiyalara 0 %, Gürcüstan məhsuluna qarşı isə 0 % tətbiq olunur). Bu amillər də satışları, bizim məhsulun rəqabət qabiliyyətini aşağı salır. Ümümiyyətlə, Azərbaycanın 90-95 % fındıq məhsulu ixrac edilir”.
O, fermerlərin problemlərinə də toxunub: “Fermerlər öyrənmək istəmirlər. Onların ən böyük poblemlərindən biri məlumatsızlıqlarıdır. Biz pandemiyadan əvvəl 4-5 min fermerin iştirakı ilə təlimlər təşkil edirdik. Əfsuslar ki, hazırda bu cür təlimləri təşkil edə bilmirik. Maariflənmənin zəif olması bu sahədə məhsuldarlığa təsir göstərir”.
İ.Orucov bildirib ki, bu sahədə keçirilən tədbirlərdə fermerlər də iştirak etməlidilər: “Fındıqçılıqda fundamental yanaşma tətbiq etmək lazımdır. Ölkədə 70 mindən çox ailə-fermer təsərrüfatı var, 70 min insanın maariflənməyə, məlumatlanmağa ehtiyacı var. Lakin bəzi keçirilən tədbirlər məhz görünüş, yəni formal xarakteri daşıyır. Fermerlər bu cür tədbirlərdə iştirak etmirsə, burda hər hansı bir inkişafdan söhbət gedə bilməz”.
İ. Orucov əlavə edib ki, KİV-lərdə bu sahə ilə bağlı mütamadi olaraq təbliğatlar aparılmalıdır: “Fermerlər internet resurslarından istifadə etmirlər, daha çox TV-lərə baxırlar. Bu baxımdan TV-lərdə bu istiqamətdə təbliğat aparılsa, uğur əldə etmək mümkündür. Fermerlərə praktiki video çarxlarla fındıqçılıq sahəsində qeydə alınan bütün yeniliklər, sahəni əhatə edən biliklər izah edilməlidir”.
2021-ci ilin 8 ayı ərzində Azərbaycanın ixracı 13 milyard ABŞ dolları olub. Qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Azexport.az portalından ixrac sifarişi alan əsas mallar sırasında fındıq məhsulu da yer alıb.