Bu günə qədər Azərbaycanda sahələrdən kondisiya çəkidə 127 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, məhsul yığımına 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub ki, bu da məhsulun demək olar ki, hamısını texnika ilə yığmağa imkan verir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla onun məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat - 2 dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir.