Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.
“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyəyə rəsmi səfəri zamanı Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasında nazir Məcnun Məmmədov bildirib.
İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.
M. Məmmədov Türkiyənin bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması vurğulanıb.
Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.
Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasiyası, baytarlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan M. Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdəniz dənizi Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, süni intellekt vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaq.