İndiyə qədər Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığa dair 69 sənəd imzalanıb, daha 7 sənədə isə baxılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.
O, qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 57 % artıb.
"Ticarət əlaqələrini daha da artırmaq üçün imkan var. İndiki rəqəmlər bizim potensialımızı tam əks etdirmir. Biz həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Azərbaycanla Bolqarıstan arasında kənd təsərrüfatı sahəsində yeni sazişin imzalanması və birgə işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər", - deyə nazir əlavə edib.