Azərbaycan meyvə-tərəvəz idxalını 17 %-dən çox azaldıb
- 18 fevral, 2023
- 13:58
Azərbaycan 2023-cü ilin yanvar ayında xarici ölkələrə 40 min 964 ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 45 milyon 050 min ABŞ dolları təşkil edib.
Bu həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 min 841 ton (6,4 %), dəyər baxımından isə 7 milyon 758 min ABŞ dolları (14,6 %) azdır.
Hesabat dövründə Azərbaycanın meyvə-tərəvəz ixracı qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 17,9 % olub.
2023-cü ilin yanvar ayında ölkəyə 19 milyon 845 min ABŞ dolları dəyərində 27 min 622 ton meyvə-tərəvəz idxal olunub.
Bu, dəyər baxımından 2022-ci ilin yanvar ayı ilə müqayisədə 951 min ABŞ dolları (5 %) çoxdur, həcm baxımından isə 5 min 749 ton (17,2 %) azdır.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 1,4 %-ini təşkil edir.