Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Azad Cəfərli Bakıda keçirilən "Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda beynəlxalq konfransda bildirib.
“Kənd təsərrüfatı məhsulları arasında fındıq mühüm yer tutur və ixrac potensialına görə qərzəkli meyvələr arasında I yerdə qərarlaşıb. 2022-ci ildə ölkəmizdən qabıqlı fındıq ixracı 2021-ci ilə nisbətən 48,5 %, qabıqsız fındıq (ləpə) ixracı isə 10,2 % çox olub. Azərbaycan ləpəsinin alıcıları qismində İtaliya, Almaniya, Rusiya və digər ölkələri qeyd edə bilərik", - deyə o əlavə edib.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aqrar sektor bərpa edilməkdədir: “2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, 2023-cü ildə isə 72 min hektar ərazi əkin dövriyyəsinə qatılıb. O cümlədən həmin ərazilərdə 200 hektardan çox fındıq bağı salınıb. Bu ilin yanvar-avqust aylarında həmin bağlara görə 13 milyon manatdan artıq əkin subsidiyası ödənilib. 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-nə qədər yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. O cümlədən, yeni salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi planlaşdırılır".
Bundan başqa, A.Cəfərlinin sözlərinə görə, fındıq istehsalçılarıının 50 %-dən çoxu qeydiyyata alınıb: "2022-ci ildə ölkə üzrə fındığın ümumi əkin sahəsi 81,1 min hektar, məhsul istehsalı 71,1 min ton, məhsuldarlıq göstəricisi hektara görə 13,9 sentner təşkil edib. 2021-ci illə müqayisədə əkin sahəsi 1 053 hektar, məhsul istehsalı 4 min ton, məhsuldarlıq isə 0,2 sentner çox olub. Ötən il 1 241 hektar sahədə yeni fındıq bağları salınıb. 2015-ci ilə nisbətən fındıq bağlarının sahəsi 2,5 dəfə, 2021-ci ilə nisbətən 1,4 % artıb. Mövcud bağların 51,4 min hektarı yaxud da 63,1 %-i bar verən yaşdadır. Ümumilikdə fındıq bağlarının 76 min hektarı və yaxud 93,5 %-i ənənəvi, digər hissəsi intensiv bağlardır. Ötən il fındıq bağlarının 25 %-i Zaqatala, 13 %-i Balakən, 13 %-i Xaçmaz, 12,5 %-i Qax, 8,8 %-i Qəbələ, 8,1 %-i Qusar, 5,9 %-i Şəki, 5,4 %-i isə Oğuzun payına düşüb".
"Azərbaycanda fındıqçılıq sektorunda müəyyən problemlər var. Bəzi bağlarda məhsuldarlıq aşağıdır. Digər meyvə istehsalçıları ilə müqayisədə fındıqçılıqla məşğul olan fermerlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə ehtiyac var. Kiçik təsərrüfatlarda məhsul yığımından sonra saxlanma şəraitinin düzgün təşkil olunmaması da əsas çətinliklərdən biridir", - deyə aparat rəhbəri əlavə edib.