Yaxın Şərqdə sabitliyin şərtləri hansılardır? - ŞƏRH

Yaxın Şərqdə sabitliyin şərtləri hansılardır? - ŞƏRH Qərb ölkələri və Rusiya Yaxın Şərqin məzhəb savaşında tədricən tərəfkeşlərə çevriliblər
Analitika
6 Yanvar , 2016 10:38
Yaxın Şərqdə sabitliyin şərtləri hansılardır? - ŞƏRH

Bakı. 6 yanvar. REPORT.AZ/ Yaxın Şərq 2016-cı ildə də təlatümlərdən qurtulmayacaq, tam əksinə vəziyyətin daha da gərginləşməsinin, yeni qarşıdurmaların şahidi ola bilərik. Görünür, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi yeni ilin ilk və son qarşıdurması olmayacaq.

Yaxın Şərqdəki təlatümlərin başlanğıc nöqtəsi İsrail-Fələstin qarşıdurması sayılır. Hətta Suriya və İraqda terror əsdirən İŞİD qruplaşmasının rəhbəri Bağdadi belə son açıqlamasında “biz İsraili unutmamışıq” ifadəsini işlədib.

Aydındır ki, İsrail Fələstinə müstəqillik verməyincə və bu iki dövlət və xalq arasında sülh yaranmayınca ümumilikdə Yaxın Şərqdə sülhə nail olmaq problemə çevriləcək. İkinci Dünya savaşından 1990-cı illərə qədər beynəlxalq aləmdə “islam radikalizmi” deyilən məfhum yox idi. Bəli, fələstinlilər təyyarə qaçırdır və ya 1972-ci il Münhen olimpiadasında olduğu kimi israilli idmançıları öldürürdülər. Ancaq onlar bu qətlləri “islamçı şüarlar” adı altında həyata keçirmirdilər. Hətta SSRİ-nin 1979-cu ildə Əfqanıstana müdaxiləsi və bir qrup ərəb dövlətinin əfqan mücahidlərinə verdiyi dəstək də radikalizmə bağlı deyildi. ABŞ-ın həmin əfqan mücahidlərinə verdiyi dəstək geosiyasi amillərlə bağlı idi. Dünyanın baş terrorçusu adını qazanan Ben-Ladenin özü belə Əfqanıstanda SSRİ hərbçilərinə qarşı savaşı təşkil edərkən hələ islamı radikalizminin sistemləşdirilməsi haqqında düşünmürdü.

Buna baxmayaraq, Fələstin mövzusu Ben-Laden kimi yeni növ terrorçuların da beynindən çıxmırdı. Əl-Kaida təşkilatının lideri 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniya səfirlikləri qarşısında terror aksiyaları planlaşdırarkən ağlının bir ucunda Vaşinqtonun İsrailə verdiyi dəstəyi tuturdu. 2001-ci ilə planlaşdırılan terror aksiyaları da bu “siyasətin” tərkib hissəsi idi.

Bu terror aksiyalarına qədər Vaşinqton özünün Yaxın Şərq planını İslam faktorundan əlahiddə baxırdı. ABŞ-dakı bəzi siyasətçilərin və ekspertlərin təfəkkürü “Səudiyyə Ərəbistanı müttəfiqimizdir, İran isə düşmənimizdir” səviyyəsində idi. Halbuki, İranda şah hakimiyyəti dövründə Tehran Vaşinqtonun bölgədə ən etibarlı müttəfiqlərindən sayılırdı. Hazırda isə vəziyyət o həddə gəlib çatıb ki, Vaşinqton sünni blokunun müttəfiqinə, Rusiya isə şiə blokunun (İran, mərkəzi İraq hakimiyyəti, “Hezbollah” təşkilatı) tərəfdarına çevrilib. Başqa sözlə Qərb ölkələri və Rusiya Yaxın Şərqin məzhəb savaşında tədricən tərəfkeşlərə çevriliblər.

Bu mürəkkəb şəraitdə bölgədə gərginliyin və məzhəb qarşıdurmasının qarşısını ala biləcək iki başlıca şərtin yerinə yetirilməsi vacibdir:

Birinci şərt Suriyadakı müharibənin sona çatdırılması və ya ən azı müxtəlif qüvvələr arasında dialoqun başlanmasıdır. Bu ölkədə yalnız vətəndaş müharibəsi və terrorçulara qarşı savaş getmir. Suriyada böyük dövlətlərin maraqları kəsişib, üstəgəl də buradan ətrafa məzhəb qarşıdurması yayılır. Bir tərəfdə "sünni bloku" Əsəd rejiminin hakimiyyətdən getməsini tələb edir, digər tərəfdə “şiə bloku” qarşıdurmanın sona çatdırılmasında Əsədlə dialoqun vacib olduğunu bildirirlər. Beləliklə, Suriyada savaş sona çatmayana qədər bölgədə həm sakitlik yaranmayacaq, həm də məzhəb qarşıdurmasını zəiflətmək mümkün olmayacaq.

İkinci şərt Fələstinin müstəqllik qazanmasıdır. Yaxın Şərqin müsəlman ölkələri İsrailin Fələstin torpaqlarının işğalını böyük ədalətsizlik hesab edirlər. Terrorçulara qoşulanların böyük əksəriyyəti məhz Fələstin torpaqlarının işğalını və fələstinlilərin ədalətsizliklə üzləşdiklərini də əllərində rəhbər tuturlar.

Beləliklə, bu iki şərt yerinə yetirilməyənə qədər Avrasiya bölgəsinə sakitlik gəlməyəcək. Qərbli ekspertlər isə Avrasiya bölgəsini dünyanın mərkəzi halına gəldiyini və bəşəriyyətin gələcəyinin məhz burada müəyyənləşdiyini bildirirlər.

Elxan Şahinoğlu, xüsusi olaraq Reportüçün.

Son xəbərlər

Orphus sistemi