Martın 14-dən 16-dək Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli tədbir- XI Bakı Qlobal Forumu keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Forum maraqlı müzakirələr, bəyanatlarla yadda qaldı.
Üç gün davam edən tədbir çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.
Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirin ilk günündə çıxış etdi. Dövlət başçısı qeyd etdi ki, dünya sürətlə dəyişir: “Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir”.
Planetdə baş verən xaoslar, ayrı-ayrı bölgələrdəki kataklizmlər göz önündədir. Bu, Bakı Qlobal Forumunu, ayrı-ayrı liderlərin, siyasi xadimlərin təcrübəsini daha da vacib edir. İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkdi:
Ölkə başçısı, həmçinin Ermənistanla münasibətlər barədə danışdı. Dövlət başçısı qeyd etdi ki, indi İrəvanla sülh heç vaxt olmadığı qədər yaxındır: “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik”.
Əlbəttə, bu şərait məhz rəsmi Bakının hərbi və diplomatik səyləri nəticəsində mümkün olub. Dünyada Azərbaycana qarşı çıxan, haqlı mövqeyimizi qəbul etmək istəməyən qüvvələr var. Onlar regionla bağlı öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə etməyə çalışırlar. Buna baxmayaraq, İlham Əliyev kifayət qədər ciddi tribunadan, beynəlxalq aktor nümayəndələrinin iştirak etdiyi tədbirdə növbəti dəfə dünyaya səsləndi, Azərbaycanın mövqeyi barədə konkret mesajlar verdi.
Dövlət başçısı, həmçinin bəzi oyunçuların, o cümlədən Fransanın Azərbaycanın haqlı mövqeyinə, həmçinin 2023-cü ildəki antiterror tədbirlərinə münasibəti barədə danışdı. O bildirdi ki, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu: “Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.
Ölkə rəhbərinin nitqinin başqa bir istiqaməti COP-29-a ev sahibliyi ilə bağlı idi. Belə ki, İlham Əliyev COP-29-un Azərbaycanın qüdrətini, sürətlə inkişaf etdiyini göstərməyə imkan verəcək tədbir olacağını diqqətə çatdırdı: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq”.
Maraqlıdır ki, Forumun növbəti günlərində nəinki Azərbaycan rəsmilərinin, həm də qonaqların fikirlərinin əksəriyyəti dövlət başçısının dedikləri ilə üst-üstə düşürdü. Bu, o deməkdir ki, xaricilər, o cümlədən keçmiş dövlət və hökumət başçıları, sabiq və hazırkı nazirlər, habelə beynəlxalq qurumların indiki və eks başçıları Azərbaycanın mövqeyi ilə, rəsmi Bakının yaratdığı yeni reallıqlarla barışırlar.
Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidan forumun ikinci günündə çıxışı zamanı Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu diqqətə çatdırdı. Nazir ATƏT-in Minsk Qrupunun 30 il ərzində vaxt uzatmağa çalışdığını açıq şəkildə dilə gətirdi.
Onun sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzuna çevrilib: “Azərbaycan regionda mühüm rol oynayır, çoxsaylı tədbirlərə ev sahibliyi edir. Bakı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.
Rəsmi Ankara Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını, həmçinin Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın təmin olunmasını həmişə dəstəkləyib. Həm H.Fidan, həm də Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binalı Yıldırım bunu növbəti dəfə bütün dünyanın diqqətinə çatdırdılar. B. Yıldırım öz çıxışında Zəngəzur dəhlizi ilə bağlı məsələyə diqqət çəkdi. O söylədi ki, bu dəhliz mütləq açılmalıdır.
B.Yıldırımın çıxışında diqqətçəkən əsas məqamlardan biri Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı davam edən ərazi iddiaları ilə bağlı idi. Belə ki, sabiq hökumət başçısının fikrincə, Ermənistan Qarabağ münaqişəsinin həllindən sonra blokadadan çıxmaq üçün fürsət əldə edib: "Amma bu ölkənin konstitusiyası dəyişməli, Ermənistan separatçı məqsədlərindən əl çəkməlidir. Eyni zamanda gerbdən Ağrı dağının simvolu çıxarılmalıdır".
Ermənistanın konstitusiyasına dəyişikliklə bağlı rəsmi Bakı da dəfələrlə konkret mövqe ortaya qoyub. Məsələ ondan ibarətdir ki, ərazi iddialarının davam etdiyi müddət ərzində sülh sazişinin imzalanması absurd ola bilər. Deməli, əsas hüquqi sənədə dəyişiklik şərtdir.
Forum çərçivəsində “Report”a açıqlama verən Belçikanın keçmiş baş naziri Yves Lterme düşünür ki, Azərbaycanla Ermənistan arasında sülhün təmini üçün problemlər həll olunmalıdır. O söylədi ki, məhz mövcud problemlərə görə sülh sazişi ilə bağlı konkret tarix açıqlamaq çətindir.
Əslində bu açıqlama da rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Çünki İrəvan sülhə hazır olduğunu desə də, konkret siyasi iradə ortaya qoymur. Bu isə öz – özlüyündə sülh perspektivini sual altına qoyur.
Çexiyanın sabiq hökumət başçısı Jan Fiçer Azərbaycanın Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yaratdığını bildirdi.
Təcrübəli siyasətçi həmçinin COP-29-un əhəmiyyəti barədə danışdı: “Bu, təkcə Azərbaycan yox, bütün dünya üçün əhəmiyyətlidir. İqlim problemi ayrı-ayrı ölkələri yox, bütün dünyanı maraqlandıran problemdir. Beynəlxalq təşkilatlar, fərqli aktorlar sözügedən istiqamətdə bütün səylərini ortaya qoymalıdır ki, daha yaxşı dünyada yaşayaq”.
İş orasındadır ki, bu gün dünyanı maraqlandıran, narahat edən əsas məsələlərdən biri məhz iqlim dəyişikliyi ilə bağlıdır. Bu, Bakı Qlobal Forumunun da əsas mövzularından biri idi. Belə bir şəraitdə Azərbaycanın COP-29-a ev sahibliyi etməsi, əlbəttə, ikiqat əhəmiyyətlidir.
Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov isə “Report”a açıqlamasında Zəngəzur dəhlizi ilə barədə danışdı. O qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması bütün region, o cümlədən Ermənistan üçün qazanclı olacaq: “Nəzərə almaq lazımdır ki, Ermənistanın imkanları Azərbaycanın resurslarından daha azdır. Deməli, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan ciddi imkanlar əldə edə bilər”.
Beləliklə, 3 gün davam edən XI Bakı Qlobal Forumunda çox mühüm ismarışlar verildi. Səslənən fikirlərdən belə qənaətə gəlmək olar ki, dünya dövlətlərinin bir çoxu, o cümlədən zaman- zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa ölkələri yeni dünya nizamının formalaşmasında rəsmi Bakıya inanır, etimad göstərirlər. Bu isə o deməkdir ki, Azərbaycan formalaşmaqda olan yeni dizamında da öz sözünü deyəcək. Bakı Qlobal Forumunda həm də bunun mesajları verildi.