​Xaricdəkilərin fitvası ilə dini ayinlərin icrası ziyanlıdır

​Xaricdəkilərin fitvası ilə dini ayinlərin icrası ziyanlıdır Ölkəmizdə məscid də, üləma da, dindar da, mömin insanlar da, rəsədxana da var
Analitika
19 Dekabr , 2014 20:32
​Xaricdəkilərin fitvası ilə dini ayinlərin icrası ziyanlıdır

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib.

Yeni qurumun milli-mənəvi və dini dəyərlərin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görəcəyi bildirilir. Komissiya üzvlərinin komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

Bu məsələ ölkəmizdə İslamın təbliği və bu sahədə maarifləndirmənin vacibliyini bir daha təsdiqləyib.

Bu baxımdan İslamın ən vacib əməllərindən birinin namaz olduğunu müsəlmanlar və bu dindən xəbərdar olanlar bilsə də, xatırlatmağı ehtiyac duyduq. Çünki ölkəmizdə İslamın bu ayininin icrasında çox ciddi problem dindarların vahid namaz təqviminə əməl etməməsidir.

İslam dininə inamın yalnız namaz qılmaqla nəticələnmədiyini də bu yerdə xatırlamaq istərdik.

Məsələnin çox ciddi hal aldığını nəzərə alaraq, "Report" Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. Qurumun sədrinin birinci müavini Müfti Hacı Salman Musayev sovetlər dönəmində təqvimin hazırlanması ilə bağlı iş apardıqlarından danışaraq deyib: "Biz uzun illər araşdırmalar, müzakirələr, müxtəlif ölkələrin təcrübəsi ilə tanışlıqdan sonra AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birgə elmi əsaslar üzərində bərqərar olan və Azərbaycanın yerləşdiyi coğrafi məkana tam uyğun vahid hicri-qəməri təqvim hazırlamış, məscidlərə paylamışıq və bu istiqamətdə işləri davam etdiririk".

Qurumun fəaliyyəti təqdir edilsə də, görünür, ölkəmizdə vahid təqvimə qarşı hikkə və iddia ilə çıxanlar da var.

"Azərbaycanda bu sahədə hər hansı problem yaşanmasın deyə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, Şamaxı rəsədxanası ilə əməkdaşlıq edərək artıq uzun illərdir hicri-qəməri təqvim, o cümlədən ayrıca Ramazan ayının müfəssəl təqvimini hazırlayır. Bu təqvimdə Azərbaycan şəraitinə və dinimizin buyurduğuna uyğun göstəricilər əksini tapır. Azan vaxtı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin birmənalı mövqeyi bundan ibarətdir ki, ölkəmizin ərazisində azan eyni vaxtda səslənməlidir. Azərbaycanda müxtəlif zamanlarda azanın verilməsi bizi narahat edir. Çünki azan müsəlmanları Allaha ibadət üçün bir araya gətirən çağırışdır, burada pərakəndəliyə yol verilə bilməz. Biz öz rəsədxanamızın elmi əsaslarla işləyib tərtib və idarəmizə təqdim etdiyi cədvəllər əsasında hazırladığımız təqvimdə göstərilən vaxtlara istinad etməklə bir xalq, millət olaraq mənəvi vəhdətimizi təmin etməyə xidmət edirik. Buna yalnız mənəvi birliyimizi istəməyən, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olanlar qarşı çıxa bilərlər. Odur ki, cəmiyyətimiz vahid təqvim və azanın eyni vaxtda verilməsi məsələsini dəstəkləməlidir".

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də məsələ ilə bağlı müraciət etdik. Ordan bildirdilər ki, komitə şəriətlə bağlı məsələlərə müdaxilə etmir: "İstər namaz vaxtları, istərsə də bayram namazlarının gününün və vaxtının təyin olunması birbaşa QMİ-nin səlahiyyətindədir. Dövlət Komitəsi QMİ-nin qəbul etdiyi namaz vaxtına bütün ölkədə riayət olunmasını məqsədəuyğun sayır və fəaliyyətini bu istiqamətdə qurur".

Beləliklə, ölkəmizdə dini məsələyə nəzarət edən hər iki təşkilat gündəlik və bayram namazlarının vahid təqvimlə qılınmasına nəinki tərəfdarıdır, hətta bu istiqamətdə əməli fəaliyyət də göstərir.

Yeri gəlmişkən, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ANS televiziyasına müsahibəsində dedikləri bu baxımdan aktualdır.

Aparıcının "Yəqin siz də mənimlə razılaşarsınız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşma var. Məscidə od vururlar və yaxud hardasa hansısa addımlar atılır" şərh-sualına cavabdan: " ...Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər. Bunların içərisində həm adını çəkdiyiniz vəhabilər də var, bunların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər-digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətinin sabit vəziyyəti çoxlarına sərf etmir...."

Heç şübhəsiz ki, ölkəmizdə müsəlmanların dini ayinlərini icra etmək üçün bütün şərait var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QHT-lərə Dövlət Dəstəyi Şurası və komitənin birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda keçirilmiş konfransda bildirib ki, hazırda respublikamızda 2050 məscid var, onlardan 1600-ü fəaliyyət göstərir.

Azərbaycan Alimlərinin I Qurultayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin dedikləri də diqqətçəkicidir: "İslam dini heç vaxt təcavüzkar din ola bilməz. Günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək, günahsız insanı ölümdən xilas etmək isə bəşəriyyəti xilas etməkdir".

O, İslam dininin qayəsində insanpərvərlik, vətənsevərliyin durduğunu vurğulayıb: "Din ən yüksək mənəvi dəyərlərin təzahürlərindən biridir... O başqa məsələdir ki, dindən başqa məqsədlə istifadə etməyə çalışan qüvvələr var və təcrübəsi olmayan gəncləri yoldan çıxarırlar”.

V.Məmmədəliyev deyib ki, bəziləri hazırda cavanları azdırır və onları Əfqanıstana, Suriyaya aparırlar.

"İslam adından istifadə edib hakimiyyətə gəlmək istəyənlər onu istədikləri kimi yozub, gəncləri yoldan çıxarmağa çalışırlar. Bütün bunlar dövləti, cəmiyyəti düşündürən məsələlərdir və bu məsələlərin həll yolunu axtarmaq lazımdır. Gəncləri belə təsirlərin altına düşməyə qoymaq olmaz. Əfqanıstanda, Suriyada döyüşürlər, İraq İslam Şam Dövləti yaratmaq istəyirlər. Belə kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var?! Qadınlarımızın, gənclərimizin cürbəcür işlərə təhrik edilməsinin qarşısını almaq lazımdır” - o əlavə edib.

Sadaladığımız faktlardan da göründüyü kimi, İslam dini ilə bağlı cəmiyyətimizdə boşluqlar var. Bəzi kənar qüvvələr bundan məharətlə istifadə edirlər.

Namazın qılınması ilə vahid təqvimə hələ də əməl edilməməsi həmin boşluqlardan sayıla bilər.

Odur ki, gündəlik və bayram namazlarının öz təqvimimizlə qılınmasının bəzi üstünlüklərini qeyd etmək istərdik.

Birincisi, rəsədxanamızın müəyyən etdiyi təqvimlə namaz qılınması ölkəmizdə dövlətimizə, onun təhlükəsizliyinə, ərazi bütövlüyünə, inkişafına və başqa sahələrdə tərəqqisini istəyən, bu yolda olan din alimlərimizə də etibarı artırır.

İkincisi, respublikamızda yetərincə din alimi var. Bu sayaq məsələləri öz din alimlərimizin həll etməsi, dindarlarımızın dini baxımdan xaricdəkilərdən asılılığını aradan qaldırar.

Üçüncüsü, yerli kadrların hazırlanmasında öz üləmalarımıza etibarı artırar.

Dördüncü məsələ təhlükəsizliklə bağlıdır. Başqalarında olduğu kimi, dinimizdə də bir sıra dini ayinlərin icrası şəriətlə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün üləmalara ehtiyac var. Bu məsələlərdə yerli alimlər üstünlük təşkil etdikdə, əsas söz sahibi olduqda, İslama yad olan hərəkətlərin, əməllərin və düşüncələrin də qarşısını almaq asan olar. Son illər İslam adı altında fəaliyyət göstərən bir sıra terrorçu təşkilatların əməlləri bunu deməyə əsas verir.

Bəzi dindar gənclərimiz dini ayinləri ölkə xaricindən verilən fitvalar əsasında icra edir.

Sovetlər dönəmindən qalma yaxşı bir deyim qalıb: "Biz Allahsız, dinsiz rejimdə dinimizi qorumuşuq, onu bəsləmişik". Təəssüf ki, indiki şəraitdə vətəndaşlarımız arasında dinlə bağlı yad təsirlərin altına düşənlər də var. Onlar xaricdəki fitva verənlərinin göstərişi ilə namaz qılır və başqa dini ayinləri icra edirlər. Elə həmin fitva verənlərin əmrləri ilə çeşidli silahlı qruplaşmalara qoşulurlar. Belələrindən dövlətimizə, onun dünyəvi quruluşuna təhdiddə istifadə olunur.

Nəhayət, indi sovet hökuməti yoxdur. Dini ayinlərin icrasında hər kəs sərbəstdir. Bundan başqa, ölkəmizdə məscid də, üləma da, dindar da, mömin insanlar da, rəsədxana da var. Belə bir şəraitdə xaricdəkilərin fitvası və təqvimləri ilə namaz qılıb, dini ayinləri icra etməyə yer yoxdur, bu, açıq-aydın başqa niyyətlərdən xəbər verir.

Son xəbərlər

Orphus sistemi