Atdığı addımların təmsil etdiyi ölkəni uçuruma sürüklədiyini anlayan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı yumşalma siyasəti yürütmək qərarına gəldiyini bildirmişdi. Dekabrın 16-da Gümrü şəhərində hakim partiyanın iclasında o və xarici işlər naziri Ararat Mirzoyan addımlarının Qərb tərəfindən düzgün dəyərləndirilmədiyindən gileyləniblər. Qeyd edilib ki, Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Qəbul edilən qərarla hökumət başçısının Sankt-Peterburqda Aİİ və MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyi gözlənilirdi. Amma sonradan baş verən hadisələr Paşinyanın bu görüşlərdə iştirak etməmək, günahı isə Kremlə yükləmək fikrində olduğundan xəbər verir. Həm iki gün əvvəl Rusiyanın ünvanına ittihamlar səsləndirildi, həm də 21 dekabr tarixində “Sputnik Armenia” radiosunun Ermənistanda yayımlanmasına qadağa qoyuldu. Hökumət qəbul etdiyi qərarla sözügedən radionun bir ay müddətinə yayımının dayandırıldığını və 500 min dram, yəni 1200 dollar cərimə edildiyini bildirdi. Radio və Televiziya komissiyası qeyd edib ki, 17 dekabrda yayımlanan “Abovyan vaxtı” verilişində qeyri-real ifadələr səsləndirilib və bu fikirlər erməni cəmiyyətində çaxnaşmaya səbəb olub. Əslində isə bu qərar verilişin kontenti ilə əlaqədar deyil və siyasi qərardır.
Ermənistanın baş nazirinin yaxın günlərdə İctimai Televiziyaya verəcəyi müsahibə onu deməyə əsas verir ki, o, Rusiya siyasi elitasını qıcıqlandırmaq, kəskin cavab və bəyanatlara təhrik edir. Bu isə erməni hökumətinin başçısına Sankt-Peterburqda keçiriləcək Aİİ və MDB-nin qeyri-rəsmi sammitində iştirakdan imtina etməyə xidmət edə bilərdi. Gümrü şəhərində keçirilən iclasda qəbul edilən qərarın Qərbdə xoş qarşılanmadığı, direktiv və təlimatla Paşinyana Rusiyanın söz sahibi olduğu iclas və sammitlərdə qəti iştirak etməmək tapşırığı gəldiyi gün kimi aydındır. Bu səbəbdən də baş nazir əvvəlcə televiziya vasitəsilə özünə bəhanə tapmağa çalışdı. Amma görünür, müsahibə istənilən effekti vermədiyi üçün bu dəfə başqa yol seçilib, qurban isə “Sputnik Armenia” radiosudur. Erməni hökumətinin bu media qurumuna münasibəti əvvəlcədən də bilinir. Çünki radionun da daxil olduğu “Sputnik”in baş redaktoru Marqarita Simonyanın da hələ ötən il Ermənistana girişinə qadağa qoyulmuşdu.
Bundan əlavə, Qərbyönümlü hakim komanda və ekspertlər də baş naziri bu tip sammitlərdə iştirakdan və Rusiya lideri ilə görüşdən yayındırmağa çalışır. Çünki Putinlə görüş xarici siyasətdə dəyişikliyə səbəb ola bilər. Bu isə Qərbin planlarının icrasını ləngidə bilər.
Maraqlıdır ki, iki ölkə arasında uzun müddətdir siyasi gərginlik hökm sürsə də, Moskva İrəvana qarşı ciddi addımlar atmır. Halbuki Ukrayna və Gürcüstana qarşı kifayət qədər sərt tədbirlər həyata keçirilib. Ermənistana qarşı isə münasibət başqadır. Atom enerjisi sahəsində əməkdaşlıq həyata keçirilir, Aİİ üzvü olduğu üçün təbii qaz çox ucuz qiymətə satılır, daş buğda qadağası bu ölkəyə şamil edilmir, müxtəlif sahələrə rus iş adamları tərəfindən sərmayə qoyulur.
Amma ortada bir reallıq var ki, baş nazirin Sankt-Peterburq şəhərində keçirilən sammitdə iştirakı erməni iqtisadiyyatı üçün yeni nəfəs ola bilər. Sirr deyil ki, Ermənistanın əsas ticarət tərəfdaşı Aİİ üzv ölkələri və xüsusən də Rusiyadır. Bununla belə, ikili siyasət yürüdən erməni siyasi elitası müəyyən məsələlərdə özü də çaşbaş qalıb. Məsələn, hökumət güclü iqtisadi əlaqələrdən danışsa da, siyasi münasibətləri korlayır. Aİİ-də vahid enerji bazarına qoşulmağa can atsa da, ittifaqa üzv ölkələrə qarşı qeyri-adekvat addımlar atır. Qısacası, iki stulda əyləşməyə çalışır.
Əslində isə Aİİ üzvü olmaq ittifaq ölkələri ilə yaxşı münasibət deməkdir və digər ölkələrlə ticarət əlaqələrini də qadağan etmir. Ermənistan kimi ölkələr üçün isə iqtisadiyyatın diversifikasiyası çox vacibdir. Çünki dünyanın bütün ölkələri iqtisadi əlaqələrini diversifikasiya etdirməyə çalışır, idxal və ixracı bir istiqamətdə əlaqələndirmir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilə qədər GSP+ sistemi mövcud idi və Ermənistan bu sistem sayəsində Avropaya bəzi mallar müəyyən güzəşt şərtləri ilə idxal edirdi. Real mənzərə isə o idi ki, Qərbə idxal edilən erməni məhsulları ümumi idxalın çox zəif faizini təşkil edirdi. Aİİ ilə isə bu sahədə kifayət qədər ciddi rəqəmlər, daha dəqiq desək, 1 milyard 413 milyon dollar qeydə alınıb.
Bütün bunları nəzərə alsaq, Paşinyanın Sankt-Peterburqda keçiriləcək sammitdə iştirakdan imtina etməsini erməni iqtisadiyyatı üçün tənəzzül saymaq olar. Çünki yeni görüşlər, yeni müzakirələr yeni imkanlar və yeni müqavilələr deməkdir. Bu isə hazırda Ermənistan iqtisadiyyatı üçün hava və su kimi vacibdir.
Paşinyanın Rusiyaya qarşı atdığı addımlara isə hələlik Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkin cavab verib. TASS agentliyinə müsahibə verən diplomat qeyd edib ki, İrəvanın KTMT-dən çıxması barədə söhbət getmir. İki ölkə arasında hərbi -texniki sahədə yeni müqavilələr imzalanıb. Bu günə qədər isə imzalanan bütün müqavilələr vaxtında icra edilib. Səfir eyni zamanda vurğulayıb ki, Roma Statutuna qoşulmaq rəsmi İrəvana heç bir üstünlük verməyəcək. Göründüyü kimi, rus siyasi elitası sammitdən əvvəl öz mesajlarını Paşinyana ötürür. Bunlardan birincisi, Moskvanın hələ də Ermənistanın strateji müttəfiqi olması ilə bağlıdır. Uzun müddətdir erməni siyasi elitasında hökm sürən KTMT alyansını tərk etmək barədə xülyalara son qoyulmuş sayılır. Diplomatın bu bəyanatı alyansı tərk etməyin ciddi nəticələri ola bilməsi ilə bağlı xəbərdarlıq da sayıla bilər. Son həftələr Hindistan və Fransadan hərbi texnika ilə bağlı alqı-satqı da Kremlin nəzərindən yayınmayıb. Səfirin müqavilələrin vaxtında icra edilməsi və yeni müqavilələrin nəzərdən keçirilməsi ilə bağlı fikrini də bu səpkidə analiz etmək olar. Üstüörtülü şəkildə bildirilir ki, silah və hərbi-texnika ilə bağlı ancaq və ancaq Rusiyaya müraciət oluna bilər.
Sankt-Peterburqda keçiriləcək sammit isə bir çox mətləbə aydınlıq gətirəcək. Əgər Paşinyan bu tədbirdə iştirak etməsə, bu dəfə yəqin ki, Rusiyanın sərt üzü ilə qarşılaşacaq. Ehtimal edilir ki, məsələ Lars keçid məntəqəsi ilə məhdudlaşmayacaq. Moskva daha sərt tədbirlərə əl atacaq.
Kamil Məmmədov