Fransada yeniyetmənin öldürülməsi Makron hökuməti ilə bağlı yenidən narazılıq yaradıb

Fransada yeniyetmənin öldürülməsi Makron hökuməti ilə bağlı yenidən narazılıq yaradıb Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bu ölkənin hakimiyyət orqanlarının tənqid edilməsinə səbəb olub. Uzun müddətdir ki, davam edən problemlər və ictimaiyyətin Makron hökumətinə qarşı narazılığı da üzə çıxıb. Son insident Fran
Analitika
1 İyul , 2023 15:56
Fransada yeniyetmənin öldürülməsi Makron hökuməti ilə bağlı yenidən narazılıq yaradıb

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bu ölkənin hakimiyyət orqanlarının tənqid edilməsinə səbəb olub. Uzun müddətdir ki, davam edən problemlər və ictimaiyyətin Makron hökumətinə qarşı narazılığı da üzə çıxıb. Son insident Fransa cəmiyyətində növbəti qəzəb və hiddət dalğasına səbəb olub və Prezident Emmanuel Makron ciddi ittihamlarla üzləşib.

Fransa cəmiyyətində polis zorakılığı, irqçilik və digər sosial problemlər beynəlxalq medianın mövzusuna çevrilib. Üstəlik, təkcə polis zorakılığı deyil, həm də hökumətin belə hadisələrə reaksiyası da ciddi müzakirə edilir.

Bir çox fransız və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrdə qeyd edildiyi kimi, bu hadisə hələ “aysberqin görünən hissəsi”dir, çünki Fransada polis zorakılığı fərdi hal deyil. Belə ki, Fransa hüquq-mühafizə sistemində ciddi problemlər var.

Əslində, davam edən iğtişaşların Paris ətrafı ərazilərdən ölkənin digər bölgələrinə yayılması E.Makronun narahatlığına və hətta böhranla əlaqədar hökumət iclasını çağırmaq üçün Brüsseldə keçirilən Avropa İttifaqı Şurasının sammitindən ölkəsinə geri dönməsinə səbəb olub.

CNN-in məlumatına əsasən, iğtişaşların davam etməsi hökumətin gündəminə böyük zərbə olacaq: “Makron və nazirləri ilin çox hissəsini çox populyar olmayan pensiya islahatlarının nəticələri ilə mübarizə aparmağa sərf ediblər. Bu islahat kifayət qədər mübahisələrə səbəb olub. Odur ki, hökumət ölkəni birləşdirmək üçün 100 günlük planı işə salmağı zəruri hesab edib”. Amma bu plan da yeni böhran səbəbindən yarımçıq qalıb.

Amma məlum olub ki, E.Makron hətta ölkədə nümayişlər və iğtişaşlar olarkən belə istirahətindən qalmır. Belə ki, sosial şəbəkələrdə Elton Conun iyunun 28-də Parisdəki konsertindən fotolar yayılıb. Fotolardan görünür ki, Makron və onun həyat yoldaşı britaniyalı müğənni ilə mehriban şəkildə söhbətləşirlər.

Britaniyanın “İndependent” nəşrində dərc olunan məqalədə bildirilib ki, Fransada polisin yeniyetməni öldürməsindən sonra iğtişaşların baş verməsinə baxmayaraq, E.Makron Parisdə E.Conun konsertində iştirak edib və bu, insanların qəzəbinə səbəb olub.

Beləliklə, E.Makron birinci şəxsin necə davranmamalı olduğunu göstərib. Baş verənlərə əsasən söyləyə bilərik ki, Fransa Prezidenti və hökuməti cəmiyyətin üzləşdiyi problemlərin öhdəsindən gələ bilmir. Birinci şəxs Fransa vətəndaşlarının gözləntilərinin əksinə olaraq, mərhəmət, liderlik keyfiyyətləri nümayiş etdirməyib və insanları öz ətrafında birləşdirməyib. Şübhəsiz ki, hakimiyyətin onsuz da aşağı olan reytinqi daha da düşəcək.

Son xəbərlər

Orphus sistemi