Ermənistanda çökdürülən müxalifət üçlüyü - ŞƏRH

Ermənistanda çökdürülən müxalifət üçlüyü - ŞƏRH
Analitika
715
17 İyun , 2020 16:28
Ermənistanda çökdürülən müxalifət üçlüyü - ŞƏRH

Güclü iqtisadiyyatsız və texnologiyasız dövlətin ömrü uzun ola bilməz. Yaxud belə ölkələrdə hakimiyyətlər küçə yürüşləri, başqa etiraz aksiyaları ilə belə devrilirlər. Bu kimi dövlətlərdəki iqtidarlar, hökumətlər bir qayda olaraq daha çox xaricdən dəstək alırlar. Bu zaman əhali amilindən də istifadə edilir. Çünki belə şəraitdə ən azından xalq adından danışmaq lazım gəlir.

Xarici müdaxilələrin çoxluğunda iqtisadiyyatı zəif olan, yüksək texnologiyası olmayan dövlətlər demokratiya qurmaqda çətinlik çəkərlər. Ona görə həmin ölkələr daha çox avtoritarizmə və ya diktaturaya meyilli olurlar.

Son zamanlar Ermənistanda baş verənlər bunun əyani sübutudur. Bu ölkənin iqtisadiyyatı tamamilə xaricdən asılı vəziyyətdədir (daha doğrusu, xarici qüvvənin əlində), texnologiyası isə yox səviyyəsindədir.

2018-ci ildə baş verən rejim dəyişikliyindən sonra yeni hakimiyyət demokratik cəmiyyət qurmaq istiqamətində addımlar atmaq istədi. Ancaq yuxarıda qeyd etdiyimiz başlıca şərt təmin olunmadığından, habelə yeni hakim siyasi qüvvə də Azərbaycan torpaqlarını işğal altında saxladığından etirazlarla üzləşir.

Koronavirus pandemiyasına qarşı mübarizə də müxtəlif dövlətlərdəki hakimiyyətlərin gücünü, o cümlədən səhiyyə sisteminin vəziyyətini üzə çıxardı.

İyunun 17-ə olan məlumata görə, Ermənistanda 18 033 nəfər koronavirusa yoluxub, 302 nəfər ölüb. 

Martın 12-dən ölkədə pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunur. Fövqəladə vəziyyət rejimi üçüncü dəfə daha bir ay müddətinə, iyulun 13-dək uzadılıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun “indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Ölkə beynəlxalq ictimaiyyətdən yardım istəyib. Ermənistana ABŞ, Rusiya, Çin, Fransa, Serbiya, Litva və Gürcüstandan həkim və tibbi avadanlıq göndərilir. Ötən ay isə Beynəlxalq Valyuta Fondu bu ölkəyə 260 mln. ABŞ dolları yardım etmişdi. Polşa və İsraildən Ermənistana tibbi mütəxəssislərinin göndəriləcəyi də gözlənilir.

Müxalifət və vətəndaş cəmiyyəti isə baş nazir Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edir ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Məsələyə dair yeni qərar qəbul edilən gün hüquq müdafiəçisi Ruben Melikyan parlamentin binası qarşısında təkbaşına etiraz aksiyası keçirdi. Sonra ona başqaları da qoşuldu. Polis fövqəladə vəziyyət rejiminin tələblərinə əməl etmədiyi üçün onun saxlanıldığını bildirdi.

Polisdən vurğulanıb ki, ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib: “Bu məhdudlaşdırıcı rejimdə aksiya keçirmək qadağandır”.

R.Melikyan hakimiyyətdən vətəndaşların dinc toplaşmaq azadlığının təmin olunmasını tələb edib: “Artıq 4 aydır vətəndaşlar bu hüquqdan məhrum edilib”.

Adekvad Partiyasının həmtəsisçisi Konstantin Ter-Nakalyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın təşkil etdiyi Vətən Partiyası Siyasi Şurasının üzvü Arsen Babayan, milyonçu deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyasının nümayəndələri aksiyanı dəstəkləyiblər.

R.Melikyan 2016-cı ildə Dağlıq Qarabağdakı sepratçıların “ombudsmanı” olub. Adekvad Rusiyameyillidir. Sarukyan isə Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyəti illərində varlanıb. Vanesyanın da sonuncu çıxışlarında Paşinyanın tənqidi, Moskvaya isə əməkdaşlıqla bağlı göndərilən ismarıclar etirazları dəstəkləyənlərin və aparıcılarının yönünü də müəyyənləşdirməyə imkan verir.

Bunu Nikol Paşinyan hökumətinə qarşı ilk ciddi etiraz, yaxud bunun ilk məşqi də saymaq olar.

Əvvəlcədən anonsu edildiyi kimi hadisələrin davamı olaraq aksiya genişlənməli idi. Ancaq N.Paşinyan rəqiblərini daha yaxına buraxaraq onlara daha bir zərbə endirmək qərarına gəldi.

Ermənistan parlamentinin iyunun 16-da qəbul etdiyi qərarla, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyan deputat toxunulmazlığından məhrum edildi.

Ermənistanın baş prokuroru Artur Davtyan onun həbsi ilə bağlı vəsatət qaldırdı: “Araşdırmalar göstərir ki, Qaqik Sarukyan azadlıqda olduğu müddətdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi ehtimal olunan şəxslərə təsir göstərə bilər. Ona görə Qaqik Sarukyanın həsbi barədə vəsatət qaldırıram”.

Həmin gün parlament milyonçu deputat barəsində həbs qətimkan tədbirinin seçilməsinə də razılıq verdi. 

Səsvermədə sarukyançılar və qərbyönlü sayılan İşıqlı Ermənistan Partiyasının deputatları iştirak etmədi. Qərar 87 deputatın lehinə səsverməsi ilə qəbul olundu.

Xatırladaq ki, Ermənistan parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim Mənim Addımım Partiyasının təmsilçiləridir. Çiçəklənən Ermənstanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir.

Bəs Qaqik Sarukyan kimdir? Ziddiyətlər niyə onda cəmlənir və yığdığı var-dövlət qanunidirmi?

Qaqik Sarukyan 1956-cı il noyabrın 25-də Ermənistanın Ərinc kəndində anadan olub. Orada orta məktəbi çətinlikə bitirib. 1979-cu ildə cinsi zorakılığa görə 7 il müddətinə azadlıqdan məhrum edilib. 1989-cu ildə Ermənistan Dövlət Bədən Tərbiyəsi Universitetini bitirib. Güləş, boks və qol güləşi ilə məşğul olub. SSRİ dağıldıqdan sonra varlanmağa başlayıb. Varlanandan sonra siyasətə də meyil etməyə başlayıb. 2003-cü ildə Çiçəklənən Ermənistan Partiyasını təsis edib. Elə həmin il ilk dəfə deputat seçilib. Ermənistan prezidenti olmuş Robert Koçaryan və Serj Sarqsyanla yaxından əməkdaşlıq edib. 

2008-ci il martın 1-2-də prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq paytaxt Yerevanda keçirilən aksiyaların dağıdılmasında onun da adı hallanır. Bildirilib ki, həmin aksiyalarda etirazçıların döyülməsində Sarukyanın cangüdənləri iştirak edib. Keçmiş baş nazir Ovik Abramyanın oğlu və Sarukyanın kürəkənin saxladığı çox sayda qanunsuz silah və sursat mart hadisələrində dinc aksiyaçılara qarşı istifadə edilib.

Erməni əsilli ABŞ vətəndaşı Emil Sanamyan Koçaryanla Sarukyanın əlaqələrini araşdırıb. Araşdırmaçı qeyd edib ki, Sarukyan 1998-ci ildən - Koçaryan hakimiyyətə gəldikdən sonra varlanmğa başlayıb, keçmiş prezidentin 1999-cu ildə ölən qardaşı Valeri Koçaryanın qızı İrina Sarukyanın əhatəsində olub. E.Sanamyan deyib ki, Sarukuyan həm də Çiçəklənən Ermənistan Partiyasında Robert Koçaryanın “qulağı” sayılır.

“WikiLeaks”ə açıqladığı məlumatlara görə, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Mari Yovanoviçin yazışmalarında da Q.Sarukyanın adı keçib. Diplomat Vaşinqtona göndərdiyi məxfi sənədlərdə qeyd edirdi ki, Sarukyan Koçaryanın dəstəyi olmadan varlana bilməzdi. Düzdür, Nikol Paşinyanla münasibət qurduqdan sonra o, varlanmasında Koçaryanın rolunu təkzib etdi.

Deməli, Sarukyan Koçaryanın adamıdır. Koçaryan isə Rusiya prezidenti Vladimir Putinin dostudur. Bu zəncirin həlqələrini davam etdirsək, “Çiçəklənən Ermənistan”ın yiyəsinin yönünün şimala olduğu qənaətinə gələ bilərik. Bu isə N.Paşinyanın Rusiyanın daha bir adamını həbsə göndərməyə qərar verdiyini göstərir. Belə çıxır ki, rəsmi Yerevan Kremlin adamlarına qarşı mübarizəni davam etdirir. Əgər N.Paşinyan keçmiş prezidentlər R.Koçaryan, S.Sarqsyan və Çiçəklənən Ermənistan Partiyasının sədri Q.Sarukyan 3-lüyünün fəaliyyətlərini davam etməsinə icazə versəydi, onda özünə qəbir qazmış olardı. Odur ki, 2008-ci ildə baş verən hadisələr Sarukyanı Xocalı caniləri - Koçaryan və Sarqsyanla birləşdirir.

Bundan başqa, Sarukyanın adı daha 3 cinayət işində hallanır. Birinci iş seçki saxtakarlığı ilə bağlıdır. O, 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, gizli səsverməni pozmaqda ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Partiya sədri Ermənistanın Qeqarkunik vilayətində özünün və başçılıq etdiyi blokun xeyirinə 17 194 seçicinin bülleteninə 355 200 ABŞ dolları xərcləyib.

İkinci iş vergidən yayınmaqla bağlıdır. Bu milyonçu deputat biznes fəaliyyəti ilə məşğul olduğu müddətdə dövlət büdcəsindən 60 milyon ABŞ dolları gizlədib. 

Sarukyana qarşı üçüncü ittiham isə qanunsuz yolla torpaq zəbt etməkdir. O, bu əməli ilə dövlətə 685 min ABŞ dolları ziyan vurub.

Sarukyan əvvəlki sahiblərinə xəyanət edərək 2018-ci ildə paşinyançılara qoşuldu. İndi “Çiçəklənən Ermənistan”çılar bildirir ki, Nikol Paşinyanı hakimiyyətə onların liderləri gətirib.

İddia olunur ki, 2018-ci il aprelin 25-də “Sarukyan” blokunun nümayənələri Respublika meydanına qoşulublar. Mayın 2-də bu bloku baş nazir postuna Paşinyanın namizədliyinin dəstəkləyəcəyini bəyan etdi.

Paşinyan-Sarukyan ittifaqı o birilərinkinə bənzəmədi. Nikol Paşinyanın ona qarşı mübarizəsi ötən ilin aprelində açıq müstəviyə keçdi. Hakimiyyət Sarukyanın mülkiyyətini təftiş etmək niyyətində olduğunun gizlətmədi. Biznesmen siyasətçi isə Ermənistanda mülkiyyətin yenidən bölüşdürülməsinin ondan başlaya biləcəyi ilə bağlı narahatlığını bildirdi. O, mülkiyyətinin təhlükə ilə üzləşəcəyindən qorxurdu.

Qeyd edək ki, Ermənistan qanunlarına əsasən, deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Sonra Sarukyanın ticarət mərkəzi və başqa opbyektlərində yoxlamalar aparıldı. Nəhayət, vəziyyət pandemiyayadək uzandı.

Nikol Paşinyan koronavirusla bağlı yaranmış fövqəladə vəziyyət rejimindən istifadə edərək milyonçu deputat sahibkara zərbə endirdi.

Sarukyan iyunun 16-da parlamentdə çıxış edəndə hökuməti hədələdi: “Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq”. O, çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakim Mənim addımım Partiyasını ittiham edib. Q.Sarukyan vurğulayıb ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib: “Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini və koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”. O, paşinyançıların inqilabının artıq sonun gəldiyini də bildirib və s.

Son bir neçə ayda hazırda həbsdə olan Koçaryan, Vanesyan və Sarukyanın hökumətə qarşı verdikləri bəyanatlar da ortaq məsələlər vurğulanır.

Hələ ötən ilinin yayında payızda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcəyi barədə məlumat yayılmışdı. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilatlar və cəmiyyətlərin daxil olacağı gözlənilirdi. Bu məlumat yayılmazdan bir müddət əvvəl Robert Koçaryan verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Görünür, Koçaryanın nəzərdə tutduğu müxalifət payızda deyil, yayda birləşir.

Payızla bağlı məsələ Vanesyanın da çıxışlarında qeyd olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan iyunun 2-də bildirib ki, ölkədə fəlakət baş verdiyindən, vəziyyət gündən-günə ağırlaşdığından Paşinyan istefaya getməlidir.  Ondan 4 gün sonra Sarukyan Ermənistan baş nazirinin istefasını tələb etdi.

Beləliklə, Ermənistanda Koçaryan-Sarukyan-Vanesyan üçlüyü fomalaşır. Onlardan biri həbsdədir, digəri həbs edilmə ərəfəsindədir, üçüncü ilə bağlı yeni kompromatlar toplanmaqdadır. Koçaryan 2018-ci il iyulun 20-də həbs olunub. Sarukyanın ondan iki il sonra yayda tutulacağı ehtimalı böyükdür. Bunun ardınca casusluqda ittiham edilən Vanesyanın həbsi gələ bilər.

Bəhs etdiyimiz üçlüyü susdurmaqla Paşinyan Sarqsyana və onun kürəkəni Mikael Minasyana da barmaq silkələmiş olur. Bunu N.Paşinyanın Moskvaya qarşı apardığı mübarizənin birinci mərhələsinin başa çatması kimi də qiymətləndirmək mümkündür. Ancaq hökumət başçısı bunu sona qədər bacaracaqmı? İndi əsas sual budur. İstənilən halda bu yay Ermənistanda çox isti keçəcək, məsələlər isə payızda tam aydınlaşacaq. 

Yay hələ başlamayıb, payıza isə 3 ay var. Ölkədə fövqəladə vəziyyət rejimidir. Bu şəraitdə N.Paşinyan rəqiblərini sıradan çıxarır. Ermənistanı yaşadanlar ölkədə baş verənlərin izləyicisi, müşahidəçisi kimi görünürlər. Əks halda, sual yaranır: belə vəziyyətdə Ermənistana pulu kim verir? Təbii ki, güclü iqtisadiyyatı, texnologiyası olmayan dövlət sponsorların sayəsində yaşayır.

Müxalif deputatların perspektivdə parlamentin işində iştirakdan imtina etməsi qanunverici orqanın işini iflic edər. Ermənistan qanunlarına əsasən, müxalifət parlamentdə təmsil olunmasa, onda növbədənkənar seçkilər keçirilməlidir. Bu halda hakimiyyətin taleyi yenə küçələrdə həll olunacaq. Ölkə əhalisi payızda yenə küçəyə çıxarılacaqmı?! Odur ki, Ermənistanda vəziyyət payızda bəlli olacaq.