Ekspertlər: "Avropa üçün Türkiyə ilə münasibətlər Ermənistanla olduğundan daha önəmlidir"

Ekspertlər: "Avropa üçün Türkiyə ilə münasibətlər Ermənistanla olduğundan daha önəmlidir" Ermənilər qondarma "soyqırımı"nın tanınması məsələsində heç nə əldə edə bilməyəcək
Analitika
21 Aprel , 2015 15:47
Ekspertlər: Avropa üçün Türkiyə ilə münasibətlər Ermənistanla olduğundan daha önəmlidir

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənilər qondarma "soyqırımı"nın tanınması məsələsində heç nə əldə edə bilməyəcəklər, Fransa üçün isə Türkiyə və Azərbaycan Ermənistandan daha önəmlidir. Bunu azərbaycanlı politoloqlar aprelin 24-də keçiriləcək "erməni soyqırımı"na həsr olunan tədbirləri və həmin tədbirlərdə Fransa prezidenti Fransua Ollandın iştirakı məsələsini şərh edərkən bildiriblər.

"Düşünmürəm ki, bu il "erməni soyqırımı"nın bəzi ölkələr tərəfindən tanınması planında özəl bir il olacaq", - politoloq Elxan Şahinoğlu "Report"a bildirib.

Ekspert deyib ki, Vatikan və Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında iddiaları Avropanın özünə zərər vuracaq. 

"Nə Roma Papasının sözləri, nə də Avropa Parlamentinin qətnaməsi Türkiyə üçün hüquqi sənəd deyil. Avropa Türkiyəni özündən ayırır, bu da ilk növbədə Avropanın özünə mənfi təsir göstərəcək. Avrasiya kimi mürəkkəb bir regionda Türkiyə kimi güclü dünyəvi müsəlman ölkəsini itirmək Avropa üçün heç də yaxşı bir nəticə verməyəcək", - E.Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, ermənilər aprelin 24-də öz məqsədlərinə çata bilməyəcəklər: "Erməni lobbisi İrəvanda bütün Qərb elitasını toplaya bilməyəcək".

Politoloq həmçinin vurğulayıb ki, Türkiyə regionda Ermənistandan daha çox nüfuza malikdir, Qərb siyasətçiləri də bunu nəzərə alır.

"Aprelin 24-dən sonra aprelin 25-i gələcək. Rusiya və Fransa prezidentləri ölkələrinə dönəcək və bütün il boyunca "erməni məsələsi" haqqında unudacaqlar. Yeri gəlmişkən, Fransa prezidenti Fransua Olland aprelin 25-də Bakıya gələcək və burada ikitərəfli münasibətlər haqqında geniş və hərtərəfli danışıqlar aparacaq. Zəif Ermənistan Fransaya nə təklif edə bilər? Bakının Parislə isə enerji resurslarının işlənməsindən başlayaraq birgə müəssisələrin yaradılmasına qədər milyardlarla dəyəri olan konkret layihələri var", - E.Şahinoğlu vurğulayıb.

Öz növbəsində politoloq Tofiq Abbasov hesab edir ki, Fransa prezidentinin Ermənistana səfəri Qərbin erməniləri antitürk və antimüsəlman ab-havasının təhrikçiləri kimi dəyərləndirməsi amili ilə əlaqədardır.

"Şərqdə müsəlmanlara qarşı nifrəti alovlandırmaq, cəmiyyətin müəyyən hissəsini gərginlikdə saxlamaq üçün bu, Qərbdə müəyyən dairələrə lazımdır. Lakin heç şübhə yoxdur ki, bu çirkin oyunda ən alçaldıcı rol ermənilərə məxsusdur", - ekspert vurğulayıb.

O bildirib ki, F.Ollandın Ermənistana səfərindən ermənilər heç bir dividend və imtiyaz əldə edə bilməyəcəklər.

Öz növbəsində politoloq İlqar Vəlizadə vurğulayıb ki, aprelin 24-də keçiriləcək tədbirlər də daxil olmaqla, son zamanlar "erməni soyqırımı" ilə bağlı baş verən hadisələr bütün bu məsələdə kulminasiya nöqtəsi olacaq, bundan sonra bu mövzu ilə bağlı söhbətlər səngiyəcək.

"Bütün günahları türklərin boynuna yıxmaq istəyi fonunda məşhur siyasi xadimlərin bəyanatları, deputatların müraciətləri və yas mərasimində bir sıra iri dövlət rəhbərlərinin iştirakı bizim regionumuzdan keçən dərin geosiyasi ədavət xəttini vurğulayaraq cari problemlərin daha da kəskinləşməsinə ciddi təsir göstərəcək", - politoloq hesab edir.

O qeyd edib ki, Avropa Parlamenti tərəfindən "soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi və Roma Papasının nitqi Türkiyənin daxilində erməni lobbisinə güclü zərbə endirib. 

Son xəbərlər

Orphus sistemi