Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə edərək danışıqlarda konkret nəticələrin əldə olunmasının zəruriliyini vurğulayıb.

"Report" xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb.

"Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə etdik. Son günlər bir çox hazırlıq addımları atılıb: NATO və avropalı tərəfdaşların iştirakı ilə Brüsseldə görüş, mənim ABŞ Prezidentinin nümayəndələri ilə təmaslarım, danışıqlar qrupları isə faktiki olaraq daim əlaqədədir. Biz hesab edirik ki, BƏƏ-dəki görüş konkret nəticələr verməlidir və danışıqların mümkün real yekunları ilə bağlı təkliflərimizi Amerika tərəfinə çatdırmışıq", - Ukrayna prezidenti qeyd edib.

Zelenski vurğulayıb ki, Avropanın təhlükəsizliyi məsələləri zəmanətli təhlükəsizliyə bərabər dərəcədə layiq olan Avropa dövlətlərinin iştirakı ilə müzakirə edilməlidir.

Bundan əlavə, Ukrayna Prezidenti tərəfdaşları qışın gəlişi ərəfəsində ölkənin ehtiyacları, xüsusən energetika və hava hücumundan müdafiə sahəsindəki ehtiyacları barədə məlumatlandırıb.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.

Digər xəbərlər