Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə ediblər

Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.

Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.

Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.

Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin daha da artmasının qarşısının alınması üçün dialoqun davam etdirilməsinin və diplomatik vasitələrdən istifadənin vacibliyini vurğulayıb. O həmçinin gəmiçilik azadlığının və enerji resursları tədarükünün təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.

Digər xəbərlər