Slovakiya ukraynalı uşaqların qaytarılması üzrə Beynəlxalq Koalisiyaya qoşularaq onun 53-cü üzvü olub.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Bring Kids Back UA" prezident təşəbbüsünün mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Slovakiya 2024-cü ildən Koalisiya ilə müşahidəçi statusunda əməkdaşlıq edib. Xüsusən də, 2026-cı ildə ölkə Brüsseldə yüksək səviyyəli görüşdə və Torontoda "Sülhə aparan yollar" (Pathways to Peace) beynəlxalq konfransında iştirak edib.
"Slovakiya Respublikası uzun müddətdir ardıcıl olaraq beynəlxalq hüquqa, xüsusən də beynəlxalq humanitar hüquqa riayət olunmasının və mülki əhalinin qorunmasının tərəfdarı kimi çıxış edir. Uşaqlar müharibənin ən həssas qurbanları sırasındadır və onların qorunması bizim ümumi prioritetimiz olmalıdır", - Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.
Slovakiya yayda onun 50-ci iştirakçısı olmuş Bosniya və Herseqovinanın, eləcə də Yeni Zelandiya və Hondurasın ardınca Koalisiyaya qoşulub.