İspaniya Ukraynaya 437 milyon avroluq yeni müdafiə yardımı paketi təqdim edəcək, Almaniya isə ölkənin enerji dayanıqlığını gücləndirmək üçün qışa dəstək paketi hazırlayacaq.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski son günlərdəki xarici səfərlərinin yekunlarına dair sosial şəbəkələrdə paylaşımında bildirib.
Onun sözlərinə görə, Kiyev həmçinin "Patriot" hava hücumundan müdafiə sistemləri və "IRIS-T" kompleksləri üçün raketlərin, eləcə də F-16 üçün avadanlıqların tədarükünün sürətləndirilməsi üzərində işləyir.
"Madriddə Ukrayna ilk dəfə olaraq İbero-Amerika sammitində təmsil olundu. Latın Amerikası ölkələri Ukraynanın mövqeyini birbaşa eşidə bildilər və xüsusən də Ukrayna elektrik şəbəkəsinin fəaliyyəti üçün zəruri olan avadanlıqların verilməsi məsələsində dəstəklərini ifadə etdilər", - o yazıb.
Bundan əlavə, Zelenski ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə aparılan danışıqlar, eləcə də ötən gün Finlandiya Prezidenti Aleksandr Stubb ilə baş tutan söhbət barədə məlumat verib.
"Yeni diplomatik addımlar hazırlayırıq. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm!" - Zelenski yazıb.