Monteneqro Aİ-yə üzvlük danışıqlarının daha iki fəslini bağlayıb

Monteneqro noyabrın 6-da Brüsseldə keçirilən hökumətlərarası konfransda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının daha iki fəslini başa çatdırıb.

"Report"un Avropa bürosu xəbər verir ki, beləliklə, bağlanan fəsillərin ümumi sayı tələb olunan 33 fəsildən 23-ə çatıb.

Razılaşmalar 1-ci "Malların sərbəst hərəkəti" və 12-ci "Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar siyasət" fəsilləri üzrə əldə edilib.

Monteneqronun Baş naziri Miloyko Spayiç bildirib ki, Podqoritsa Aİ-yə üzvlük danışıqlarını bu ilin sonunadək başa çatdırmaq, 2027-ci ilin iyununda birləşmə müqaviləsini imzalamaq və 2028-ci ildə Avropa İttifaqına üzvlüyə nail olmaq niyyətindədir.

Mətbuat konfransında tərəflər Monteneqro və Xorvatiya arasında Avropaya inteqrasiya üzrə danışıqlar prosesi üçün əhəmiyyət kəsb edə biləcək həll olunmamış ikitərəfli fikir ayrılıqları məsələsinə toxunublar.

Spayiç bildirib ki, Podqoritsa Avropa kompromisi əsasında bütün mübahisəli məsələlərin həlli məqsədilə Zaqreblə məsləhətləşmələri davam etdirir.

Digər xəbərlər