Suriya husilərin krallığa hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi sahədə məsləhət və təlim dəstəyi göstərir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbələr və yüksək rütbəli ABŞ rəsmisi bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Suriyada illərlə davam edən müharibə zamanı əldə olunmuş döyüş təcrübəsinə malik suriyalı hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisindəki səudiyyəli və yəmənli bölmələri hazırlamaq və onların döyüş qabiliyyətini artırmaq üçün Səudiyyə Ərəbistanına yola düşüblər.
İki suriyalı mənbə bildirib ki, son həftələrdə Suriyadan Səudiyyə Ərəbistanına xeyli sayda hərbi qulluqçu yollanıb. Onların sözlərinə görə, bu şəxslərin vəzifələrinə məsləhət vermək və təlim keçmək daxil idi, lakin onların səlahiyyətləri daha geniş ola bilərdi.
Suriyalı diplomat qeyd edib ki, hazırkı mərhələdə qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı fərziyyə irəli sürmək tezdir. O vurğulayıb ki, Suriya hələ də daxili təhlükəsizliyin təmin edilməsinə, öz sərhədlərinin qorunmasına və ölkənin bərpasına diqqət yetirir.
Bununla yanaşı, diplomat qeyd edib ki, çərşənbə günü Suriya və Səudiyyə Ərəbistanı arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişi, xüsusən də məsləhət dəstəyini, təlimləri və təcrübə mübadiləsini nəzərdə tutur.
Xatırladaq ki, noyabrın 4-ü, Suriya Prezidenti Əhməd əş-Şəranın Ər-Riyada səfəri zamanı Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu, onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bir aydan da az müddətdə baş tutan ikinci görüşü olub.