Kolumbiya ABŞ-nin Venesuelaya qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb, həmçinin regional səviyyədə fövqəladə məsləhətləşmələrin keçirilməsini təşəbbüs edib.
"Report"un məlumatına görə, bu barədə Kolumbiya Prezident Administrasiyasının İdarəetmə Departamentinin direktoru Anci Rodriqes açıqlama verib.
Onun sözlərinə görə, Boqota Amerika Dövlətləri Təşkilatının (ADT) Daimi Şurasının təcili iclasının, həmçinin hazırda Kolumbiyanın sədrlik etdiyi Latın Amerikası və Karib Dövlətləri Birliyinə (LAKDB) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün müraciət edib.
"Kolumbiya BMT Təhlükəsizlik Şurasının iclasını bazar ertəsi çağırıb. Həmçinin ADT Daimi Şurasının fövqəladə iclasının və LAKDB ölkələrinin XİN rəhbərlərinin görüşünün keçirilməsi üçün sorğu göndərilib", – Rodriqes Kolumbiyanın Kukuta şəhərində Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.