"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub

Cənubi Koreya hakimiyyəti ölkənin hava məkanına naməlum uçuş aparatının daxil olmasından sonra Yapon dənizindəki Ullın qəzasında təhlükə xəbərdarlığı elan edib.

"Report" bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.

Hadisə noyabrın 24-ü yerli vaxtla saat 07:52 (Bakı vaxtı ilə 02:52) radələrində baş verib. Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi rayon sakinlərinə yeraltı məkanlarda və ya binaların daxilində sığınmaq çağırışı ilə təcili mesaj göndərib.

Daha sonra Kyonsan-Pukto əyalətinin hakimiyyəti uçuş aparatının təhlükəli zonanı tərk etdiyini bildirib və saat 07:57-də sakinlərə normal həyata qayıtmağa icazə verərək həyəcan siqnalının ləğv olunduğunu açıqlayıb.

Bununla belə, həyəcanın ləğvi barədə mesajda aparatın, ehtimal ki, Şimali Koreyaya məxsus olduğu bildirilib, halbuki ilkin bildirişdə Rusiya hava gəmisinə işarə edilirdi.

Səlahiyyətli orqanlar uçuş aparatının mənsubiyyətini və onun ölkənin hava məkanında peyda olması şəraitini araşdırır.

Digər xəbərlər