"Flydubai" dekabrın əvvəlində İsrailə reysləri bərpa edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Flydubai" aviaşirkəti sentyabrın 30-da təyyarənin göyərtəsində baş verən insidentdən sonra İsraillə dayandırdığı hava əlaqəsini dekabrın əvvəlində bərpa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.

Məlumata görə, uçuşların bərpası məsələsi noyabrın 23-də İsrailin Nəqliyyat Nazirliyində keçirilən müşavirədə müzakirə olunub. İlkin mərhələdə "Flydubai" həftədə 42-dək reys həyata keçirəcək. Bu, uçuşlar dayandırılana qədər olan göstəricidən azdır.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Hadisəyə ikinci pilotun hava gəmisinin kapitanına hücum etməsi səbəb olub. Onların hər ikisi xəsarət alıb. BƏƏ hakimiyyət orqanları insidentin təfərrüatlarını araşdırmağa davam etdirir.

Digər xəbərlər