Qətər hakimiyyəti Vaşinqton və Tehran arasında danışıqlar prosesinin bərpa edilməsi üçün səylər göstərir.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına Qətərin hökumət başçısı, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib.
"Biz İran və Birləşmiş Ştatlarla birlikdə danışıqlar prosesini bərpa etməyə çalışırıq", - o deyib.
Qətərin Baş naziri vurğulayıb ki, Yaxın Şərqdə vəziyyət ABŞ və İran arasında yeni eskalasiyaya tab gətirməyəcək. Vaşinqtonla ikitərəfli münasibətlərə toxunan baş nazir qeyd edib ki, Doha müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə can atır.
Qətər ABŞ və İran arasında danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir. Noyabrın 23-də şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüş keçirib. Amerikanın xarici siyasət idarəsinin məlumatına görə, tərəflər təhdidlərin qarşısının alınmasını və Yaxın Şərqdə sabitliyin təmin edilməsini müzakirə ediblər.