Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub.
"Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb.
Alov ümumi sahəsi 4 min kvadratmetrdən çox olan və içərisində 4 min tondan artıq kartof saxlanılan dörd anbarı məhv edib. Yanğınsöndürənlərin qiymətləndirmələrinə görə, alovun tam söndürülməsi üçün bir neçə gün lazım olacaq. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi toxumluq kartof ehtiyatlarının bərpası üzrə tədbirləri müzakirə etmək üçün təcili iclas çağırıb. İlkin qiymətləndirmələrə görə, proses bir neçə il çəkə bilər.
"Yle" qeyd edib ki, Avropada toxumluq kartof istehsalının yüksək konsentrasiyasına malik cəmi dörd region mövcuddur. Finlandiyadan başqa, onlar Azor adalarında, İrlandiyada və Almaniyada yerləşir.
Finlandiya Qida İdarəsinin rəhbəri Hanna Kortemaa xəbərdarlıq edib ki, yanğının fəsadları yaxın illərdə Avropa kartof bazarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.