“Qazaxıstan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”.
Bunu "Report"a açıqlamasında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirərkən deyib.
"Zəngəzur dəhlizinə gəlincə, qısa cavab verəcəyəm - Qazaxıstan Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında, eləcə də 2021-ci ilin yanvar və noyabr aylarında imzalanmış, nəqliyyat kommunikasiyalarının açılmasının nəzərdə tutulduğu üçtərəfli bəyanatların praktiki icrasını dəstəkləyir”, - o vurğulayıb.
Nazir müavini qeyd edib ki, bu proses asan deyil və bu istiqamətdə müzakirələr davam etdirilir: “Ümumiyyətlə, biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq və bunu səmimi şəkildə arzulayırıq”.