Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub.
C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.