XİN-də Gürcüstanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİB
XİN-də Gürcüstanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilib - YENİLƏNİBAzərbaycan Xarici İşlər Nazirliyində Gürcüstanla diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbir keçirilir.
Noyabrın 17-də Xarici İşlər Nazirliyində Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Gürcüstanın Azərbaycandakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Daha sonra iki ölkənin xarici işlər nazirlərinin diplomatik əlaqələrin 30 illiyi münasibətilə qarşılıqlı şəkildə ünvanladıqları məktubların mübadiləsi həyata keçirilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını və son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. X.Xələfov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Gürcüstana səfərinin ölkələrimiz arasında ikitərəfli siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına xüsusi təkan verdiyini məmnunluqla qeyd edib. Sonda nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibətilə təbrik edib. Diplomat Azərbaycan və Gürcüstan arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səciyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda səfir iki ölkə arasında müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanmasına istinad edib, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
11:35:
Azərbaycan Xarici İşlər Nazirliyində Gürcüstanla diplomatik əlaqələrin 30 illiyinə həsr olunan tədbir keçirilir.
“Report” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze , Mili Məclisin deputatı Arzu Nağıyev, nazirliyin əməkdaşları iştirak edirlər.
X.Xələfov və səfir çıxışlarında iki ölkə arasındakı əlaqələrin tarixindən və mövcud durumundan bəhs ediblər.
Hal-hazırda: #Azərbaycan & #Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başladı.